Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlunun müxalifətdən dəstək almaq çağırışı qarşılıqsız qalıb.
Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinin təşviqat kampaniyası mərhələsi sürət yığmaqdadır. Namizədlər bu çərçivədə təbliğat məqsədli kütləvi tədbirlər keçirtməsələr də, onların iştirakı ilə təşkil olunan teledebatlar iddialıların “baqaj”ı haqqında əsaslı qənaət yaradır.
Teledebatların gedişi göstərir ki, müzakirələrdə nisbətən alternativ mövqe ADP sədri Sərdar Cəlaloğlu tərəfindən ifadə olunur. Digər namizədlər isə bu və ya başqa formada hakimiyyət namizədinin “əlinə oynamaq”dadırlar.
Bu mənada S. Cəlaloğlunu fərqləndirməyimiz təsadüfi deyil. Son 1 ildə prezident seçkilərinə qatılmayacağını bəyan edən, 5 il əvvəl olduğu kimi, namizədliyini son anda irəli sürən ADP sədri bu siyasi kampaniyaya həm də fərqli iddia ilə qoşulub.
O, müxalifətin əhəmiyyətli hissəsinin seçkilərə qatılmadığı şəraitdə, əks düşərgənin vahid namizədi olmağa, siyasi tərəfdaşlarından dəstək almağa ümidlidir. Cəlaloğlu prezidentliyə namizədliyi qeydə alınmazdan əvvəl və sonra bununla əlaqədar konkret çağırış da edib.
Maraqlıdır, ADP sədrinin təşkil olunan teledebatlardakı çıxışı, tərzi, leksikonu və siyasi obrazı onun “vahid namizəd” iddiası ilə nə dərəcədə adekvatdır? Cəlaloğlunun təşviqat kampaniyasında tutduğu mövqe və ismarışları əks-düşərgənin dəstəyini almağa imkan verir?
Nə qədər təəccüblü olsa da, bu barədə fikirlərini Yenicag.az-a açıqlayan partiya sədrlərindən heç biri Sərdar Cəlaloğlunu müxalifətin vahid namizədi statusuna uyğun görməyib.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu prezidentliyə namizədlərin teledebatını izləmədiyini bildirdi. Bununla belə, KXCP sədri əlavə etdi ki, Sərdar Cəlaloğlunun dəstəklənmək təklifi müzakirə olunacaq:
“Seçkilərlə bağlı elə bir vəziyyət yaratdılar ki, namizədlərin kimliyi və onların iştirak etdikləri debatlar bizim üçün əhəmiyyətini itirdi. O üzdən, təşkil olunan debatları da izləmirəm. Debatın necə keçdiyi haqda dost-tanışlardan soruşsam da, onlar da baxmadıqlarını deyirlər. Baxmadığım debat haqqında isə fikir bildirməyim düzgün olmazdı.
Sərdar bəyə gəldikdə isə onun bizə konkret müraciəti olub. Bu gün alınarsa, onun müraciətini müzakirə edib, qəti qərar verəcəyik. Alınmasa, müraciətə növbəti günlərdə baxılacaq”.
Müsavat başqanı Arif Hacılı isə suala birbaşa cavab verməyərək, ADP sədrinin seçki performansını dəyərləndirməkdən yayındı:
“Əslində, o tədbirləri “debat” adlandırmaq düzgün deyil. Əvvəla, əsas iddiaçı həmin verilişlərdə iştirak etmir. Eyni zamanda, aparıcının mövzunu əvvəldən müəyyənləşdirməsi və namizədlərin konkret hədəf göstərməmələri debatları bir tamaşaya, şouya çevirir. O baxımdan, debatlarda səslənən fikirlərin seçkilərin nəticələrinə təsir göstərməyəcək. Həmçinin, Sərdar bəyin də çıxışlarının detallarını xatırlamıram”.
Demokratiya və Rifah Hərəkatı Partiyası sədrinin I müavini Vurğun Əyyub da prezidentliyə namizədlərin debatını izləmir:
“Mənə maraqlı olmadığı üçün debatları izləmirəm. Ümumiyyətlə, həmin çıxışları “debat” adlandırmaq da doğru deyil”.
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin sözlərindən isə hər hansı namizədi dəstəkləmək niyyətinin olmadığı hiss olunub:
“Bu seçkilərdə özümüzə qarşı ədalətsiz münasibətlə üzləşdik. Ona görə də kimisə dəstəkləmək məsələsi bizim üçün aktual deyil. Qeydə alınmış namizədlərin debatını əlbəttə ki, izləyirəm. Sərdar bəyin debatdakı çıxışları fərqli olsa da, məncə, onun hakimiyyətə ünvanlanan tənqidləri daha konkret ola bilər”.
Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn qeyd etdi ki, müxalifətin əsas hissəsinin qatılmadığı seçkilərdə “vahid namizəd”dən danışmağın əhəmiyyəti yoxdur:
“Müxalifətin əsas hissəsi bu seçkiləri boykot edib və həmin qüvvələrin bu kampaniyanı seçki hesab etməmələrinə dair bəyanatları var. O baxımdan, bu seçkilərdə müxalifətin vahid namizədi haqqında danışmaq yersizdir.
Ümumiyyətlə, seçkidə iştirak etməyən partiyaların konkret qərarları var. Sərdar bəy siyasi baxımdan bizə yaxın olan bir şəxsdir. O, seçkilərdə iştirak qərarı verib və biz də buna hörmətlə yanaşırıq”.
Politoloq Zərdüşt Əlizadə də prezidentliyə namizədlərin teledebatını izləməyə ehtiyac hiss etmir:
“Yox, o debatların nəyini izləyəcəm ki? Ora çıxanları tanıyırıq və nə deyəcəklərini də bilirik… Həmin verilişlər isə debat yox, şoudur. Onlara baxmağa nə vaxtım var, nə də həvəsim”.
Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Nemət Pənahlı da digər həmkarları kimi sualı cavablandırmaqdan yayındı:
“Prezidentliyə namizədlərin neçə debatı olduğunu bilmirəm. O verilişlərin cəmi birinə baxmışam. O kii qaldı Sərdar Cəlaloğlunun namizədliyinin dəstəklənməsinə… Mən o debatlarda nə danışıldığını xatırlamıram. Sağ olun”.
A. Zeynalov
www.yenicag.az