Naqif Həmzəyev: “Zəngəzur dəhlizi ən geci 2028-ci ilə qədər istifadəyə veriləcək”
“Layihənin ən geci 2028-ci ilə qədər istifadəyə verilməsi gözlənilir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyini yenidən aktivləşdirməsinin proseslərə təsirindən danışıb.

Deputat bildirib ki, Vaşinqton razılaşmaları zamanı Ermənistan ilə ABŞ arasında Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinin təmiri, istifadəyə hazırlanması və istismarı ilə bağlı razılıq əldə olunub:
“Bu məqsədlə ABŞ tərəfindən vəsait ayrılıb və işlərin ABŞ şirkəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Böyük ehtimalla, Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra işlərə start veriləcək. Bir sözlə, layihənin ABŞ Prezidenti Donald Trampın adı ilə əlaqələndirilməsi onu deməyə əsas verir ki, nəyin bahasına olursa-olsun, bu dəhliz reallaşacaq. Təbii ki, bəzi kənar qüvvələr bunu istəməyə bilər, çünki hər dövlətin öz maraqları var. Lakin bu layihə təkcə Azərbaycan, Ermənistan və Türkiyə üçün deyil, ümumilikdə bütün region dövlətləri üçün faydalıdır.
Zəngəzur dəhlizində həm Çinin, həm də ABŞ-nin ciddi maraqları mövcuddur. Azərbaycan və Türkiyə ilə yanaşı, artıq Ermənistan da bu layihədə maraqlıdır. Mane olmağa çalışan qüvvələr isə gec-tez reallıqla barışmalı olacaqlar. Çünki layihənin məhz Ermənistandan keçən hissəsi Trampın adı ilə əlaqələndirilir və o, layihənin icrası üçün bütün imkanlarını səfərbər edəcək”.
Xatırladaq ki, İranın dini rəhbəri Xameneinin müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Tehrandakı səfiri ilə görüşüb və Zəngəzur dəhlizinə qarşı anti-mövqeyi yenidən təkrarlayıb. Vilayəti bildirib ki, “Tramp marşrutu” əslində Zəngəzur dəhlizi ilə eynidir və Tehran buna qarşıdır”.
Nəsimi Ələsgərli












