Nazir Şimali Osetiya hökumətinin sədri ilə görüşüb
Bu gün Bakıda Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiyanın Şimali Osetiya-Alaniya Respublikası hökumətinin sədri Sergey Takoyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Yenicag.az apa-ya istinadən bildirir ki, görüşdə Ş. Mustafayev Azərbaycanın Rusiya və onun federal subyektləri ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirib. O, qonşu Rusiya ilə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Nazir qeyd edib ki, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulmuş Azərbaycan-Rusiya əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir: “Azərbaycan və Rusiya arasında təkmil qanunvericilik bazası mövcuddur. Ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsində indiyədək 14 iclası keçirilmiş Hökumətlərarası Komissiyanın fəaliyyəti də əhəmiyyətlidir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Hazırda Azərbaycanda Rusiya kapitallı şirkətlər, Rusiyada isə Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərirlər. Son 5 ildə 5 mindən çox iş adamının iştirakı ilə 30-dan artıq iqtisadi tədbir keçirilib”.
Ş. Mustafayev deyib ki, Azərbaycan Rusiya ilə yanaşı, onun əksər subyektləri, o cümlədən Şimali Osetiya-Alaniya Respublikası ilə də uğurla əməkdaşlıq edir: “Rusiyanın 4 subyekti ilə ölkəmiz arasında hökumətlərarası komissiya fəaliyyət göstərir, bir sıra subyektləri ilə isə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanmışdır. Azərbaycan və Rusiya arasında ənənəvi regionlararası forumlar keçirilir və belə tədbirlər ikitərəfli əməkdaşlığın inkişafında faydalıdır. Azərbaycan və Rusiya Federasiyası arasında, eləcə də Şimali Osetiya-Alaniya Respublikası ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial var.
Sənaye, kənd təsərrüfatı, turizm, İKT, logistika və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarının müzakirə olunduğu görüşdə Ş. Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat verib.
S. Takoyev Azərbaycan-Rusiya əməkdaşlığının genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb. O, Azərbaycanın Rusiyanın subyektləri, o cümlədən Şimali Osetiya-Alaniya Respublikası ilə əməkdaşlığının genişlənməsindən məmnunluğunu ifadə edib.