!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nazirlər Şurası toplanır: Neftin taleyi necə olacaq? - EKSPERT RƏYİ

!Reklam – Yazi

Sentyabrın 22-də Vyanada OPEC Nazirlər Şurasının növbəti iclası keçiriləcək. İclasda neft hasilatının azaldılması barədə sazişin öhdəliklərinin yerinə yetirilməsi üzrə monitorinq aparılacaq.

Yenicag.az xəbər verir ki, görüşdə eyni zamanda, sazişin müddətinin 2018-ci ilin sonuna qədər uzadılması və ya hasilatın daha böyük həcmdə məhdudlaşdırılması barədə qərar qəbul ediləcəyi gözlənilir.

Bəs görəsən, Nazirlər Şurası neft bazarının gələcək taleyilə bağlı hansı qərarları qəbul edəcək?

Sözügedən məsələ ilə bağlı OilGas.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, görüşdə sazişin müddətinin mart ayının sonuna qədər uzadılmasının təsdiqlənəcəyi gözləniləndi. Eyni zamanda, sazişin mart ayından sonra da, yəni 2018-ci ilin sonu qədər uzadılması barədə ilkin qərar qəbul edilə bilər:

“Hasilatın paylarının azaldılacağını isə düşünmürəm. Belə bir ehtimal çox aşağıdır. Çünki bəzi ölkələr hələ öhdəliklərini belə tam yerinə yetirməyiblər. Ona görə də, belə radikal qərarların qəbul ediləcəyini gözləmirəm. Amma gələn ilin sonuna qədər sazişin uzadılmasına dair açıqlama və bəyanatlar verilə bilər ki, bu da, bazarlara müsbər təsir göstərəcək.

Hazırda Liviya və Nigeriya bu sazişə qoşulmayıb, ümumiyyətlə öhdəlik götürməyib. Ola bilər ki, gələn il həmin ölkələrdə də müəyyən kvotaların və öhdəliklərin yaranmasıyla bağlı bir açıqlama olsun”.

Səudiyyə Ərəbistanının neft hasilatının deyil, neft ixracının məhdudlaşdırılması ilə bağlı saziş imzalamaq təklifini şərh edən ekspert bildirib ki, bu, çox ağır məsələdir, çətin ki OPEC belə bir təkliflə razılaşsın: “İnanmıram ki, buna razılıq verilsin. Çünki bazar payının itirilməsi gələcəkdə ölkələrin həmin bazarlara yenidən qayıtmasında problem yarada bilər. Əslində, hasilatın azaldılması fikrinin və ideyasının bazarlara o qədər də böyük təsir etməməsinin səbəbi ondan ibarət oldu ki, hasilat azalsa da, keçmişdə hasil olunmuş və ehtiyatlarda saxlanılan neftin bazara çıxması mümkün oldu. Yəni hasilat azalsa da, bəzi aylarda OPEC daha çox neft satmağa başladı. Bu da təbii ki, Səudiyyə Ərəbistanı narahat edir. Çünki ən böyük öhdəliyi o götürüb. Bu ölkə hasilatı təqribən 500 min bareldən çox azaldıb. İndi təklif etmək istəyir ki, ölkələr satışı azaltsınlar. Lakin bunun baş tutacağına inanmıram. Çünki, indi bazar payı uğrunda ciddi mübarizə gedir. Ölkələr hansı bazarlardan çıxsalar, yenidən o bazarlara qayıtmaq çətin olacaq. Çünki OPEC-dən kənar elə ölkələr var ki, çox kəskin şəkildə neft hasilatını artırırlar. O cümlədən, ABŞ, Kanada, Meksika hasilatı ciddi şəkildə artırıb. Odur ki, ən azından indiki dövrdə belə bir kəsintiyə gedilməsi inandırıcı gəlmir.

Gələcəkdə hasilatın azaldılmasıyla bağlı sazişin effekti minimuma ensə və ya müddətin mart ayından sonra uzadılmasıyla bağlı verilən qərar bazarlara kəskin təsir etməsə, ola bilər ki, bu məsələ gələn ilin əvvəlində yenidən gündəmə gəlsin və müzakirə mövzusu olsun. Neft bazarı o qədər həssasdır ki, hətta müzakirə aparılması belə neft qiymətlərinə təsir edir. Ona görə də, obrazlı desək, bazara gələn il ərzində də davamlı şəkildə sözlü müdaxilələr olacaq. Amma ölkələrin satışın azalması təklifiylə razılaşacağına inanmıram”.

Aydan AXUNDOVA

COP29

www.yenicag.az

1148
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv