Xalq artisti Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Yenicag.az xəbər verir ki, bu fikir Mədəniyyət Nazirliyinin Xalq artisti Ənvər Həsənovun vəfatı ilə bağlı nekroloqunda yer alıb.
Nazirlik aktyorun vəfatını Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki kimi qiymətləndirib.
“Məktəbli çağlarından kino sahəsinə maraq göstərib. 1965-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Adil İsgəndərovun açdığı aktyorluq kursuna daxil olub. Dördillik kursu bitirdikdən sonra 1969–1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Kino və dram aktyorluğu fakültəsində təhsil alıb.
1965-ci ildən taleyini “Azərbaycanfilm” kinostudiyasına bağlayan Ənvər Həsənov burada lentə alınan “Dəli Kür”, “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Bizim küçənin oğlanları”, “Dərviş Parisi partladır”, “Babək”, “Arxadan vurulan zərbə” və ümumilikdə 50-dən artıq filmdə bir-birindən maraqlı obrazlar qalereyası yaradıb.
Maraqlı oyun üslubu ilə tamaşaçıların rəğbətini qazanan aktyor eyni zamanda 20-dən çox filmdə ikinci rejissor kimi fəaliyyət göstərib.
Ənvər Həsənovun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Sənətkar 2000-ci ildə “Əməkdar artist”, 2018-ci ildə “Xalq artisti” fəxri adlarına, 2023-cü ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Ənvər Həsənovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin”, – nazirlikdən əlavə olunub.
www.yenicag.az