!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Neft hasilatı artmasa, bazarda xaotik durum yaranacaq” - Ekspert

!Reklam – Yazi

“Gündəlik neft hasilatının artımı baş verməsə, Venesuelada hasilat həcminin azalması, İranın ixrac imkanının məhdudlaşması fonunda bazarda defisit yaranacaq. Bu da dünyanın hazırkı iqtisadi inkişafına adekvat deyil”.

Zəfər Vəliyev

Bu sözləri Yenicag.az-a açıqlamasında neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev Rusiyanın gündəlik neft hasilatını artırmaq təklifinə münasibət bildirərkən deyib:

“Hasilat artmasa, qısa müddətdə neftin qiymətində sürətli bahalaşmaların müşahidə edilməsi ehtimalı var. Belə olan təqdirdə isə qlobal neft bazarına nəzarət etmək, qeyri-sabit vəziyyəti nizamlamaq mümkün olmayacaq. Bu mənada OPEC ölkələri uzun müddətli qiymət tarazlığına nail olmaq istəyirlərsə, bazar şərtlərinə əməl etməyi indidən fikirləşməlidirlər. Hasilatın artımı ABŞ-ın da marağına uyğundur. Çünki hasilatın azalması fonunda ABŞ-da şit neft hasilatının dinamikası daha da artacaq ki, bu da həmin ölkəyə sərf etmir. ABŞ-dakı mövcud neft infrastrukturu artıq neft hasilatını qəbul etməyə imkan vermir. Onun nəql kəmərləri ən yüksək şəraitdə işləyir. Hasilatın artımı Səudiyyə Ərəbistanı, Rusiya və digər dövlətlərin də marağına uyğundur”.

Ekspertin fikrincə, Moskva və Ər-Riyad tərəfindən neft hasilat həcminin artırılması məsələsinin gündəmə gətirilməsi bir neçə amillə bağlıdır:

“Venesuelada hasilat həcmi getdikcə aşağı düşür. Bu ölkədə sutkalıq neft hasilatı 1,360 milyon civarındadır. Qarşıdakı aylarda isə bu rəqəmin 1 milyon civarına düşməsi ehtimalı var. İkincisi isə ABŞ-ın İranla nüvə sazişindən birtərəfli qaydada imtinası və ilin sonuna doğru Tehrana başda neft-qaz sənayesi olmaqla tətbiq edəcəyi sanksiyalarla bağlıdır. Ekspertlərin qənaətinə görə, ABŞ-ın İrana tətbiq edəcəyi sanksiya geniş miqyas alacağı təqdirdə, qısa müddətdə 600-700, bəzi ekspertlərə görə isə hətta 900 min barel neft bazarda dövriyyədən çıxacaq. Yəni indi İranın gündəlik hasilatı 1,8 milyondursa, 2019-cu ilin birinci kvartalın sonunda 1 milyona düşəcək. Bu isə bazarda defisit yaradır. Liviyada siyasi vəziyyətin qeyri-sabit olması, Afrika ölkələrindən ixrac həcminin azalması, Yaxın Şərqdə davam edən gərgin durum da qlobal neft bazarına öldürücü zərbə vuran amillərdir. Belə vəziyyət isə qiymət dalğalanmasına səbəb olur. Ona görə də bazarda mövcud olan defisiti aradan qaldırmaq üçün Səudiyyə Ərəbistanı ilə Rusiya birtərəfli qaydada, müttəfiqlərlə məsləhətləşmə aparmadan, hasilatın 1,5 milyon artırılması istiqamətində danışıqlar aparırlar. Hələlik onlar bu istiqamətdə ilkin razılaşmaya gəliblər. Həmin məsələ OPEC-in iyunun 23-də keçiriləcək Vyana toplantısında müzakirə olunacaq. Lakin OPEC daxilində hasilatı artırmaqla bağlı fikrə 3 ölkə, İran, Venesuela və İraq aqressiv münasibət bildirir. Odur ki,sözügedən toplantıda hasilatla bağlı hansı qərarın qəbul ediləcəyini əvvəlcədən söyləmək mümkün deyil. Ancaq bəri başdan deyim ki, Moskva və Ər-Riyad sutkalıq hasilatı 100 min bareldən yuxarı artırıblar”.

Z. Vəliyev bidirib ki, neftin qiymətinin indiki halda bahalaşması yeni fəlakətlərə sürükləyə bilər:

“Belə olan halda, artıq heç kim Vyana sazişinin şərtlərinə əməl etməyəcək. Yeni bazarlar uğrunda mübarizə başlayacaq. Qiymət formalaşmasında bazar şəraiti nəzərə alınmayacaq ki, bütün bunlar da bazarda xaotik vəziyyətin yaranmasına gətirib çıxarar. Hər halda, düşünürəm ki, son anda İran, İraq, Venesuela və Vyana sazişinin digər üzvləri kompromis bir varianta gələcəklər. İranın bu istiqamətdə aqressivliyi isə ona tətbiq olunacaq sanksiyalarla bağlıdır”.

Qeyd edək ki, bu günlərdə Rusiyanın energetika naziri Aleksandr Novak OPEC-ə gündəlik neft hasilatını 1,5 milyon barel artırmağı təklif edib. Onun bu təklifi Səudiyyə Ərəbistanı tərəfindən də dəstəklənir. İran isə indidən bəyan edib ki, bu təklifin əleyhinədir. Həmin səbəbdən də Tehran OPEC+ ölkələrin iyunun 23-də olacaq Vyana görüşündə iştirak etməyəcək.

ELÇİN

COP29

www.yenicag.az

2349
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv