Dario Frederikonun Roberto Bordini söydüyünü xəbəri yayılmışdı.
Braziliyalı yarımmüdafiəçi bu hərəkəti səbəbindən Antalya toplanışına aparılmadı. Stiven Monroz baş məşqçi və rəhbərliklə yola getmədiyindən pasportunun itməsini bəhanə gətirib Türkiyə səfərinə hamıdan sonra yollandı.
Yenicag.az-ın “Sportinfo.az”a istinadən məlumatına görə, bu dəfə Baqali Dabo düşərgəni bir-birinə qatıb. Fransalı hücumçu “Lodz”la yoxlama oyununun (0:4) 20-ci dəqiqəsində əvəzlənməsinə sərt reaksiya verib.
Əvvəl də italyan mütəxəssislə ulduzu barışmayan forvard yenə dilini dinc qoymayıb. O, meydandan çıxandan sonra Bordini acılayıb, paltardəyişmə otağında isə onun üzərinə yeriyib.
Erkən əvəzlənməsini özünə qarşı təhqir sayan sabiq “Qəbələ”li baş məşqçinin yaxasından yapışmağa cəhd göstərib, onu qarşısındakı şəxsdən güclə aralayıblar.
Komandadaxili iclas bu üzdən çox gərgin keçib. Hirsi soyumayan Dabo italyanı qərəzli münasibətdə ittiham edib, ünvanına aşağılayıcı ifadələr işlədib.
www.yenicag.az