Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Zirə” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında çıxış edən “ağ-qaralar”ın baş məşqçisi Tərlan Əhmədov qələbəni şərh edib.
Gənc çalışdırıcı bunları deyib: “Komandamın oyunundan çox razı qaldım. Hücum futbolu oynamaq istəyirdik. Lakin, buraxdığımız səhvlərdən qapımızda qollar gördük. Çalışdığımız 5 gün ərzində müəyyən səhvlərin aradan qaldırılması bizi sevindirir. Görüləsi işlər həddindən artıq çoxdur. Komandaya kollektiv olaraq mübariz oyununa görə təşəkkür düşür. Qarşıdakı oyunlara 3 xal üçün çıxacağıq. Qırmızı vərəqə ilə bağlı heç bir narazılığım yoxdur. Mirabdulla Abbasov cavan futbolçudur. Onunla bu barədə söhbətimiz olacaq. Belə bir vəziyyətdə “qırmızı” alıb, komandanı çətin duruma salmaq olmaz.
Mövsümün əvvəlində komandaya gəlsəydim, tamam fərqli oyun sərgilənərdi. Buraya gətirdiyim tək futbolçu Rəşad Sadiqovdu. O da alqışlanılası futbol oynadı. “Neftçi”nin istedadlı futbolçuları çox idi. Mən daha əvvəl gəlsəydim, onlar komandanı tərk etməzdi. Bu gün heyətlə bağlı da problemlərimiz var. Amma bu kollektivlə də nəyəsə nail olmaq olar”.
Bunsan başqa Əhmədov klub azarkeşləri ilə də görüşəcəyini bildirib: “Oyundan sonra azarkeşlərlə də söhbətimiz oldu. Onlarla ya həftənin ikinci, ya da üçüncü günü görüşümüz olacaq. Çünki onların dəstəyinə ehtiyacımız var”.
www.yenicag.az