Benyamin Netanyahu bugünkü xalqa müraciətində açıq şəkildə İranda rejim dəyişikliyinin əsas məqsəd olduğunu elan etdi. Netanyahu, eyni zamanda, İranda olan bütün xalqları farslaşdıraraq, onları fars mədəniyyətinin parçası kimi təqdim edib.
Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.
Kanal yazır ki, İsrail regionda gələcək İranı daha mötədil, eyni zamanda, ari kultuna bağlı fars milliyətçilərinin hökmranlıq edəcəyi bir İran olaraq görmək istəyir.
“Burada əsas maraq doğuran şəxs hazırda Amerikada yaşayan, Qərbin akademik liberal dairələri ilə dərin əlaqələri olan Reza Pəhləvidir.
Buna baxmayaraq, İranda Pəhləviləri sevmirlər. Eyni zamanda, Pəhləvilərin Qərblə əlbir olaraq milli Mehdi Müssədiq hakimiyyətini 50-ci illərdə devirməsində iştirakı İranda anti-Qərb əhval-ruhiyyəsi və anti-Pəhləvi əhval-ruhiyyəsinin əsasıdır. Həm də İran indiki hakimiyyət dönəmində də, əsasən, ari kultu, qədim İran fəlsəfəsi və fars milliyyətçiliyinin sintezi ilə idarə olunur”, – deyə məlumatda qeyd edilir.
KİV-in analitikləri hesab edir ki, bundan əlavə, əgər İranda rejim dəyişikliyi olacaqsa, ölkə sərhədlərinin də mümkün dəyişimi baş verə bilər.
“Bu zaman isə İranda kürd, Güney Azərbaycan, bəluc və digər siyasi hərəkatların mümkün aktivliyi yaranarsa, İran çətin ki hazırkı sərhədlər çərçivəsində qalsın. ABŞ hazırda bu ssenariyə hazır deyil, çünki bu qədər toplumu və dəyişən sərhədləri idarə etmək asan deyil.
İran kimi 90 milyona yaxın üsyankar bir toplumu idarə etmək, molla rejimindən sonra siyasi iradəni bütün İrana qəbul etdirəcək alternativ isə mövcud deyil. Bu baxımdan, hətta rejim dəyişikliyi belə İsrail üçün daha böyük risklərə yol aça bilər ki, ABŞ bu ssenariyə heç də isti baxmır”, – deyə bildirilib.
“Onu da qeyd etmək lazımdır ki, İranda hətta hazırkı molla rejiminə nifrət edən insanlar belə məhz Pəhləvilərin geri qayıtmaması və ölkənin parçalanmaması üçün bu rejimə dözür. Son olaraq, Məsud Pezeşkianın mümkün seçilməsi İran dövlət ağlının bu proseslərə və ekzistensial təhlükələrə reaksiyası idi”, – məlumatda deyilir.
Bildirilir ki, Pezeşkianın Amerikada, əgər biz bir olmasaq, İran Güney Azərbaycana, Kürdistana və Bəlucistana bölünəcək fikirləri əbəs deyil.
“Buna qədər İran liderləri bu cür təhlükəli ifadələr səsləndirmirdilər. Deməli, İran siyasi elitası daxili gərginlikləri və problemləri hazırda əsas prioritet elan edir. İranın proksi güclərə dəstəyi azaltması və Qərblə mümkün dialoqu, daha yumşaq reaksiyası həm də buna görədir.
Pezeşkianın əsas missiyası Azərbaycan türklərinin daxildə dövlət ətrafında birləşdirməkdir. Digər önəmli məqsəd isə Türkiyə və Azərbaycanla münasibətləri normal çərçivəyə salmaq olacaq. Lakin İran daxilində bu siyasətə ciddi müqavimət də davam edəcək”, kanal yazır.
Rafi Müslümov
www.yenicag.az