Norveç müdafiə planını işə salır
Norveç hökuməti müdafiə xərclərinin xeyli artırılmasına dair planlarını elan edib. Bu, Norveçin baş naziri Erna Sulberqin bəyanatından aydın olub.
Yenicag.az azertac-a istinadən xəbər verir ki, hökumət başçısı belə bir siqnalın verilməsinin zəruri olduğunu deyib.
Erna Sulberq bildiririb ki, Norveç NATO-nun üzvü və müttəfiqi olaraq qalır: “Həmçinin biz müdafiəni möhkəmləndirərək öz təhlükəsizliyimiz məsələsi ilə müstəqil məşğul olmaq niyyətindədik”.
Bundan əvvəl ökənin müdafiə naziri İne Eriksen Söreyde hökumətə krallığın müdafiə xərclərinin 3,6 milyard krona (470 milyon dollar) artırılmasını nəzərdə tutan plan təqdim etmişdi. Bu vəsaitin hərbi bazaların yenidən qurulmasına, yeni hərbi texnikanın alınmasına, habelə ölkənin hərbi qüvvələrinin modernləşdirilməsinə sərf olunması nəzərdə tutulur.
Son bir ildə Norveçin müdafiə idarəsi və baş qərargahından bildirilib ki, Norveç silahlı qüvvələrinin indiki vəziyyəti krallığın müdafiə qabiliyyətini lazımi səviyyədə saxlamağa imkan vermir. Hazırda baş qərargah Norveç silahlı qüvvələrinin ciddi surətdə yenidən təchiz olunmasını nəzərdə tutan ölkənin yeni uzunmüddətli müdafiə strategiyasının əsasını təşkil edəcək təkliflər hazırlanması ilə məşğuldur.
Həmçinin Norveçin Müdafiə Nazirliyi ölkə ordusunda olan “Leopard 2” alman tanklarının modernləşdirilməsi proqramının əlavə maliyyə vəsaitinin yönəldilməsini hökumətə təklif edib. Artilleriya batalyonu üçün 900 milyon kron (116 milyon dollar) dəyərində hava hücumundan müdafiə vasitələrinin də alınması təklif olunur. Təkliflər arasında yeni sualtı qayıqlar alınanadək köhnəlməkdə olan “Ula” tipli dizel-elektrik sualtı qayıqlara xidmət müddətinin uzadılması təklifi də var. Sör-Tröndelaq quberniyasındakı Erlann hərbi hava qüvvələri bazasının 2017-ci ildə Norveçin ABŞ-dan alacağı yeni “F-35” qırıcı-bombardmançı təyyarələri qəbul edə bilməsi üçün bazanın modernləşdirilməsi planlaşdırılır.