Bu gün AFFA-nın növbəti Hesabat Konfransı keçirilir.
Yenicag.az xəbər verir ki, tədbirdə ötən illə bağlı hesabat verən assosiasiyanın baş katibi Elxan Məmmədov bir sıra məqamlardan söz açıb.
Ötən ili futbolla zəngin il adlandıran Məmmədov ölkəmizin bu sahədə qazandığı uğurlardan danışıb:
“Millimiz İslam Oyunlarının qalibi oldu. Təbii ki, ötən illə bağlı danışanda ilk növbədə ağıla “Qarabağ”ın Çempionlar Liqasında qazandığı uğur düşür. Ağdam təmsilçisi bizləri çox sevindirdi. “Qarabağ” ÇL-in qrupunda iştirak edən yeganə komandadır ki, 8 komandalı çempionatı təmsil edirdi. Klublarımızın növbəti illərdə də eyni uğurları təkrarlamasını arzu edirəm”.
Elxan Məmmədov çıxışında danışılmış oyunlardan da söz açıb: “Danışılmış oyunlarla bağlı virus geniş yayılmaqdadır. Bununla bağlı tədbirlər görülür. Hələlik başlanğıc mərhələsindəyik. Keçən ildən başlayaraq mühafizə orqanları ilə əməkdaşlıq edirik. Məsələ ilə bağlı mübarizəni davam etdirəcəyik. Məşqçilərimiz, hakimlərimiz, futbolda işləyən digər şəxslərdən xahiş edirəm ki, bu mübarizəyə qoşulsunlar. Biz bu virusu məhv etməsək, o, bizi məhv edəcək”.
www.yenicag.az