“Ölkəmizə 350 milyard dollar …”
Qabil Hüseynli: “O, riyakar açıqlamaları ilə yadda qaldı”
“Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaz ölkələrinə səfəri nəticə verməyə bilər. Onun İrəvanda səsləndirdiyi firkirlər rəsmi Bakını məyus etdi. Qondarma erməni soyqırımı muzeyini ziyarət etməsi, jurnalistin uyğun sualına cavab olaraq “mən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik deməmişəm” ifadəsini işlətməsi səfərin faydalarını sıfıra endirdi”.
Bunu açıqlamasında politoloq Qabil Hüseynli Fransa prezidenti Fransua Ollandın Qafqaz ölkələrinə səfərini şərh edərkən bildirib.
Q.Hüseynli əlavə etdi ki, Olland həm Avropa Birliyinin, həm də Fransanın enerji maraqlarını təmin etmək üçün Azərbaycana səfər etdi: “Amma onun İrəvandakı hərəkətləri enerji danışıqlarını səmərəsiz edə bilər. Qafqazda Avropanı enerji ilə təmin edəcək ölkə Azərbaycandır. Bunun qarşılığında Avropa bizə nə verir? Rusiya Avropanı qazla imtahana çəkir. Azərbaycan isə sadəcə, ədalət, obyektiv yanaşma tələb edir. Onu da eləmirlər. Olland bu səfəri zamanı riyakar açıqlamaları ilə yadda qaldı. Azərbaycanda bir, Ermənistanda başqa cür danışdı. Xeyr ola? Nə baş verib? İrəvanda deyir ki, ermənilərlə fransızlar bacı-qardaşdır. Azərbaycanda isə “siz inkişaf edirsiz, enerji resurslarınız çoxdur” kimi açıqlamalar verir. Açığı, Ollandın çıxışları məni çox əsəbləşdirdi”.
Q.Hüseynli bildirdi ki, bu arada Amerikanın münaqişənin həllində aktivliyi diqqəti cəlb edir: “Amerikalı həmsdər Ceyms Uorlikin münaqişənin həllilə bağlı təklif etdiyi 6 bəndlik təkliflər paketi “beynəlxalq hüquq normalarına tam uyğundur” demək mümkün deyil. Sənəddə ərazi bütövlüyü məsələsi tam əksini tapmayıb. Referendumun keçirilməsi, xüsusilə də Dağlıq Qarabağa keçici statusun verilmısi Azərbaycanın maraqlarına uyğun deyil. Keçici status o deməkdir ki, Dağlıq Qarabağ referendum keçirilənə qədər Azərbaycanın mərkəzi hakimiyyətinə tabe olmayacaq. Uorlikin təkliflərində yeganə müsbət şey Azərbaycanın təcavüzə məruz qalmasının qeyd olunmasıdır. Amma təcavüzün detalları öz əksini tapmayıb. İşğalın kim tərəfindən həyata keçirildiyi sənəddə göstərilməyib. Ermənistan Azərbaycanı işğal edib. Ölkəmizə 350 milyard dollardan artıq ziyan vurulub. İşğal faktına qiymət verməmək Dağlıq Qarabağın ilhaq edilməsinin de-yuri tanınması deməkdir. 1920-ci ildə Ermənistan öz ərazisini Azərbaycanın hesabına 9 min kvadrat kilometrdən 26 min kvadrat kilometrə çatdırdı. Daha sonra isə ərazimizin 20 faizini də işğal etməklə təxminən 20 min kvadrat kilometr ərazini ələ keçiriblər. İmperialsit dövlətlərin səyi nəticəsində sürünə-sürünə Böyük Ermənistan dövləti yaradılır”.
Politoloqa görə, Dağlıq Qarabağda dövlət yaratmaq beynəlxalq hüquq normalarını açıq şəkildə pozmaqdır: “Ermənilər bir dəfə öz müqəddəratını həll edib. Bölgədə ikinci bir erməni dövlətinin yaradılmasının nə mənası var? Dağlıq Qarabağda cəmi 70 min erməni yaşayır. Parisdə, Los Ancelsdə yaşayan ermənilərin sayı daha çoxdur. Onda Amerika və Fransada yaşayan ermənilərin də müqəddəratı həll olunsun. Krımda yaşayan 20 milyonluq tatarın, 10 milyonluq başqırdın müqəddəratından danışan yoxdur. Əgər Qərb sivilizasiyalararası qarşılıqlı təmasların qurulmasından danışırsa, o zaman özlərinə xas olan steoretiplərdən azad olmalıdır”(teleqraf.com).