Pakistan Nipah virusuna görə nəzarəti gücləndirdi
Pakistan giriş məntəqələrində Nipah virusuna qarşı yoxlamaları gücləndirib.
Yenicag.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Pakistanın Sərhəd Səhiyyə Xidmətləri Departamentinin açıqlamasında bildirilir ki, ölkə sərhədlərində profilaktik və nəzarət tədbirlərinin sərtləşdirilməsi zəruri hala gəlib. Şübhəli halların vaxtında aşkarlanması üçün sərnişinlər bədən temperaturu skanerləri vasitəsilə yoxlanılacaq.
Departamentin məlumatına görə, bu tədbir yoluxma ehtimalı olan şəxslərin vaxtında təcrid olunmasına və epidemioloji araşdırmaların aparılmasına imkan verəcək.
Eyni zamanda Tayland, Sinqapur, Honkonq, Malayziya, İndoneziya və Vyetnam da hava limanlarında yoxlama prosedurlarını gücləndirib.
Nipah virusu əsasən yoluxmuş heyvanlardan, xüsusilə meyvə yarasalarından insanlara keçən nadir virus infeksiyasıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, xəstəlik bəzən simptomsuz keçə bilər, lakin əksər hallarda ağır fəsadlara səbəb olur və ölüm nisbəti səhiyyə sisteminin imkanlarından asılı olaraq 40–75 faiz arasında dəyişir.
Hindistanın Səhiyyə Nazirliyi isə bu həftə açıqlayıb ki, iki yoluxma halı ilə bağlı 196 nəfər müəyyən edilərək nəzarətə götürülüb. Onların heç birində simptomlar müşahidə olunmayıb və bütün test nəticələri mənfi çıxıb./Trend/












