“Bu, yalnız və yalnız Ermənistanı növbəti meydana çevirəcək”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Ermənistanın müdafiə naziri Suren Papikyanın ABŞ-yə səfərini Qərbin Cənubi Qafqazdakı yeni planı kontekstində qiymətləndirən analitikin sözlərinə görə, İrəvan hər zaman müxtəlif bəhanələrlə Qərb tərəfindən dəstəklənib:
“Lakin bu dəstəyin bir qarşılığı da olmalıdır. Açıq-aydın görünür ki, Ermənistan Cənubi Qafqaz uğrunda mübarizə aparan güclərin oyunlarına cəlb edilir. Nəticə isə İrəvanı heç də yaxşı sonlanmayacaq uçuruma aparır. Çünki həmin planlar region üçün təhlükəli tendensiyanı ehtiva edir”.
“Son bir il ərzində ABŞ tərəfindən Ermənistana müxtəlif adlar altında silah-sursat və maddi dəstək verilir. Bütün bu faktlar bir daha sübut edir ki, Ermənistan Qərb tərəfindən yeni poliqona çevrilmək istənilir. Təbii olaraq, ABŞ-nin öz hədəfləri və məqsədləri var. Ermənistanda Rusiya bazasını nəzərə alaraq, öz aləmində düşünür ki, İrəvanda Kreml hegemoniyasını zəiflədə biləcək. Bir sözlə, Ermənistan üzərindən regionla bağlı çox qarışıq və təhlükəli oyunlar oynanılır. Bu isə yalnız və yalnız Ermənistanı növbəti meydana çevirəcək”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az