24 saylı Nizami 1-ci seçki dairəsindən parlament seçkilərində namizədliyini ilk dəfə irəli sürən Könül Nurullayevanı yaxından tanıyaq!
Bu il fevralın 9-da keçiriləcək parlament seçkiləri Azərbaycanın müasir tarixində xüsusi yer tutacaq. Hər birimiz qarşıdakı seçkilərə həmişəkindən daha ciddi yanaşmalı və fəal iştirak etməliyik. Əgər gələcək nəslə güclü, inkişaf etmiş, iqtisadi cəhətdən dayanıqlı, ictimai-siyasi baxımdan müasir və sabit dövlət ötürmək istəyiriksə, ilk növbədə, düzgün seçim etməliyik.
24 saylı Nizami 1-ci seçki dairəsindən parlament seçkilərində ilk dəfə iştirak edən gənc nəslin nümayəndəsi Könül Nurullayeva da məhz bu məqsədlə və bu istəklə seçkilərə qatılmaq qərarına gəlib. Gəlin, namizədimizi yaxından tanıyaq.
Könül Nurullayeva 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsində “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil alıb və 2009-cu ildə həmin ixtisas üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dissertantıdır. 2019-cu ilin sentyabrından isə İsveçrənin Biznes Universitetində MBA proqramı üzrə təhsil alır.
Deputatlığa namizəd 2005-ci ildə əsası qoyulan Azərbaycanın ən böyük gənclər təşkilatı sayılan İRƏLİ Ümumrespublika Gənclər Hərəkatının Məşvərət Şurasının üzvü, 2008-ci ildə İRƏLİ İctimai Birliyinin yenidən formalaşması üzrə Təşkilat Komitəsinin sədri və yeni qurumun İdarə Heyətinin üzvü olub. Azərbaycan Gənclər Parlamentinin ilk üzvlərindən biri olaraq aktiv şəkildə debatlarda iştirak edib.
2007-ci ildə Milli Olimpiya Komitəsinin əməkdaşı, 2009-cu ildə isə MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunan K.Nurullayeva həm də Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.
“Bakı-2020” Olimpiya Oyunlarına namizədliklə əlaqədar yaradılmış Təşkilat Komitəsinin və “Bakı-2017” İslam Həmrəyliyi Oyunları namizədlik komitəsinin icraçı direktoru kimi beynəlxalq Olimpiya hərəkatında ən gənc xanım rəhbər olaraq adını tarixə yazdırıb.
O, Pekin Olimpiya oyunlarında (2008-ci il) nümayəndə heyətinin rəhbərinin köməkçisi, London Olimpiya Oyunlarında (2012-ci il) Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, eləcə də, 2010-cu il Vankuver və 2014-cü il Soçi Qış Olimpiadalarında nümayəndə heyətinin rəhbəri olaraq Azərbaycanla yanaşı, beynəlxalq Olimpiya hərəkatının tarixində də ən gənc xanım missiya rəhbəri kimi iz qoyub.
K.Nurullayeva “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsusi məsləhətçisi və Direktorlar Şurasının üzvü olmaqla, 56 medal qazanaraq ikinci yeri tutmuş Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.
2013-cü ildə Avropa Olimpiya Komitəsinin “Qadın və İdmanda Bərabərlik” komissiyasının üzvü seçilən K.Nurullayeva ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edən ilk xanım olub. O, elə həmin il beş qitəni və özündə 206 Olimpiya Komitəsini birləşdirən Milli Olimpiya Komitələri Assosiasiyasına Avropa qitəsini təmsil etmək üçün seçilən ilk azərbaycanlı xanım funksionerdir.
Amma bu istiqamətdə fəaliyyətində başqa birinciliklər də var. 2013-cü ildə Könül xanım 57 islam ölkəsinin birləşdiyi, Beynəlxalq Olimpiya Komitəsindən sonra dünyanın ikinci ən böyük idman qurumu sayılan İslam Həmrəylik İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinə bu təşkilatın tarixində seçilən ilk xanım nümayəndədir.
Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb. Həmin mötəbər komitənin katibi təyin edilməsi isə Könül Nurullayevanın bacarığının necə geniş və çoxşaxəli olmasının təsdiqi və göstəricisi idi. O, eyni zamanda, İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin “Milli Olimpiya Komitələri ilə Əlaqələr” departamentinə rəhbərlik edib.
2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulan “Qadın və İdmanda Gender Bərabərliyi” komitəsinə rəhbər təyin olunub, İHİF tərəfindən 2021-ci ildə İstanbulda keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Şurasına üzv seçilib.
Ailəlidir, bir övladı var.
Könül Nurullayevanın parlament seçkilərində iştirak etməsi və millətin vəkili olmaq arzusu təsadüfi deyil. Ölkə üçün mühüm və bir sıra beynəlxalq təşkilatlarda müxtəlif layihələri uğurla icra edən Könül Nurullayeva doğma xalqına, bütün varlığı ilə bağlandığı, ürəkdən sevdiyi millətinə daha geniş müstəvidə kömək etmək istəyir. Bunu namizədin seçki platformasına nəzər yetirməklə başa düşmək olar. Buraya daxildir:
– Ərazi üzrə infrastukturun yaxşılaşdırılması işlərinin davam etdirilməsi, o cümlədən, problemli sahələrə aidiyyəti orqanlar tərəfindən diqqətin ayrılması;
– Əhalinin sosial-istisadi problemlərinin həlli istiqamətində dövlət strukturları və özəl sektorla birlikdə işləyərək, müxtəlif tədbirərin, layihələrin həyata keçilirilməsi;
– Bakının əsas sənaye zonası hesab olunan Nizami rayonunun iqtisadi və sənaye potensialının artırılması;
– Nizami rayonunun ekoloji vəziyyətinin yaxşılaşdırılması;
– Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi;
– İctimai və dövlət maraqlarının qorunması;
– Seçicilərin müxtəlif xarakterli müraciətlərinin, problemlərinin daha rahat şəkildə, maneəsiz qeydiyyatı və həlli üçün şəraitin yaradılması;
İdman sahəsində böyük təcrübəyə malik Könül Nurullayeva uşaqlar üçün idman meydançalarının qurulmasını, əhalinin sağlam həyata önəm verməsi naminə müxtəlif tədbirlər keçirilməsini vacib sayır.
Azərbaycan əhalisinin 60 faizini gənclərin təşkil etdiyini nəzərə alan namizədin seçki platformasında gənclər üçün sabit və perspektivli gələcək qurmaq istiqamətli müxtəlif layihələr də nəzərdə tutulub.
Könül Nurullayeva parlamentə seçildikdə təqaüdçülərin, aztəminatlı və sosial cəhətdən əziyyət çəkən ailələrin, müharibə veteranlarının, eləcə də, fiziki qüsurlu vətəndaşların həyatının asanlaşdırılması yönündə səylə çalışmaq arzusundadır.
Millət vəkili seçilərsə, Könül Nurullayeva ölkəmizin ən yaralı yeri olan Dağlıq Qarabağ münaqişəsi barədə düzgün məlumatların dünya ictimaiyyətinə çatdırılmasını, erməni yalanlarının ifşa edilməsini ən mühüm və ən ümdə vəzifələrindən biri hesab edir.
Gördüyü hər bir işə könül verən K.Nurullayeva Nizami rayonundan olan seçicilərinin, sosial mənsubiyyətindən asılı olmayaraq – istər müəllim olsun, istər həkim, yaxud sahibkar, dövlət qulluqçusu və ya idmançı – problemlərinin həlli üçün səylərini əsirgəməyəcəyini vəd edir. Bu siyahıda əlillər, şəhid ailələri, sosial təminatı aşağı olan ailələr xüsusi yer tutur.
Seçkilərdə bitərəf namizəd kimi iştirak edən Könül xanım xalqının layiqli övladlarından, ən ləyaqətli qızlarından biridir. Onun 9 fevral parlament seçkilərinə qatılmasında yalnız bir məqsədi var – bundan sonra da Azərbaycan xalqına vicdanla xidmət edib, sözün əsl mənasında, millətin vəkili olmaq.
Parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva haqqında daha ətraflı məlumatlarla bu linklərə daxil olaraq tanış ola bilərsiniz.
https://m.facebook.com/nurullayevakonul/
https://instagram.com/konulnurullayeva.official?igshid=s8woq6tzq4lt
https://www.youtube.com/channel/UC-vU4BfygJt7FlUVZTB_6cA
www.yenicag.az