“Seçiciyə “asfalt salacam”, “zibil daşıyacam” sözü verən adamların parlamentdə iştirakı doğru deyil”.
Bu fikri Yenicag.az-a açıqlamasında növbədənkənar parlament seçkilərində müxalifət düşərgəsinin şanslarını dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.
Fərəc Quliyev bildirib ki, budəfəki parlamentdə rəngarənglik olacaq.
“İyunun 30-da tədbir keçirdik, qərar verildi ki, partiya növbədənkənar parlament seçkilərinə qatılacaq. Prinsipcə, bütün seçkilərə qatılırıq. Məntiq var, siyasi partiya varsa, onu hakimiyyətə gətirmək lazımdır, bunun yolu da seçkidən keçir. Bir partiya seçkiyə qatılmırsa, onda sual çıxır ki, hansı yolla hakimiyyətə gələcəksən? Ona görə də, bütün seçkilərdə iştirak edirik. Kimin, hansı dairədən namizəd olacağına isə qərar verəcəyik”, – deyə o qeyd edib.
Partiya sədrinin sözlərinə görə, demokratik seçki keçirilməlidir və o hesab edir ki, belə olacaq.
“Dövrün çağırışları dəyişib. Azərbaycan Qarabağ problemini həll edəndən sonra dostlarımız artdığı kimi, düşmənlərimiz də artıb. Bizə qarşı davranışlar da ortadadır. Azərbaycan parlamentinin üzərinə çox böyük işlər düşür. Yükü təkcə Prezident Administirasiyasına, nazirlərin üzərinə qoymaq olmaz. Azərbaycan parlamenti Konqresin, Dumanın, Senatın üzvü ilə qarşı-qarşıya oturub, böyük məsələləri mübahisələndirmək imkanında, gücündə olmalıdır. Seçiciyə, “asfalt salacam”, “zibil daşıyacam” sözü verən adamların parlamentdə iştirakı doğru deyil. Hesab edirəm ki, cəmiyyətdə də yeni çağırışlar var. Ölkənin islahatlara ehtiyacı var. Parlamentdə müxalifətin iştirakı təkcə hüquq yox, həm də məsuliyyət bölgüsüdür. Müxalifə də çiyini yükün altına verməlidir”, – deyə o əlavə edib.
F.Quliyev qeyd edib ki, YAP-ın şansı çox böyükdür:
“Ölkə prezidentinin rəhbərliyi Azərbaycanın bir nömrəli problemi – Qarabağ məsələsi həll olub. Ona görə də, YAP-ın şansı çox böyükdür. Müxalifətdə olan partiyaların yarışması lazımdır. Hesab edirəm ki, budəfəki parlamentdə rəngarənglik olacaq”.
Səxavət Məmməd
www.yenicag.az