PKK-nın bu məşhur siması Suriyadan çıxarılır: Şara–Abdi razılaşmasının kritik maddəsi işə düşdü

media-hightechnic-468x90

Suriya hökuməti ilə PKK terror təşkilatının Suriya qolu olan SDG arasında imzalanmış razılaşmanın ən həssas və mübahisəli maddəsi səssiz şəkildə icra olunmağa başlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, söhbət Suriyada fəaliyyət göstərən, Türkiyə tərəfindən axtarışda olan xarici PKK üzvlərinin və rəhbərlərinin ölkə ərazisindən çıxarılmasından gedir. Məlumata görə, son günlər ərzində bir sıra yüksək səviyyəli fiqurlar Suriyanı tərk edərək İraqın şimalındakı Qəndil dağlarına doğru hərəkət ediblər.

Bu şəxslər arasında “Bahoz Erdal” ləqəbli Fehman Hüseyn də var. 1969-cu ildə Həsəkənin Malikiyə bölgəsində doğulan Hüseyn Şam Universitetində tibb təhsili alıb. O, PKK-nın hərbi qanadının əsas simalarından biri sayılır və YPG-nin formalaşmasında mühüm rol oynayıb. Türkiyə onu ən çox axtarılan şəxslər siyahısına daxil edib.

Ankara–Şam xəttində yeni mərhələ

Mənbələrin bildirdiyinə görə, bu addım Əhməd əş-Şara ilə Məzlum Abdi arasında aparılan danışıqların əsas şərtlərindən biri idi. Ankara uzun müddətdir ki, PKK rəhbərliyinin Suriyadan çıxarılmasını tələb edirdi. Paralel olaraq Türkiyədə həbsdə olan Abdullah Öcalan ilə aparılan proses də regional danışıqlara təsir göstərirdi.

10 mart 2025-ci ildə imzalanmış sənəddə açıq şəkildə qeyd olunurdu ki, SDG Suriyanın sərhədlərindən bütün suriyalı olmayan PKK rəhbər və üzvlərini uzaqlaşdırmağı öhdəsinə götürür. Son razılaşmalar çərçivəsində sərhəd-keçid məntəqələrinə dövlət nəzarətinin gücləndirilməsi, qaçaqmalçılıq və silahlı keçidlərin qarşısının alınması da nəzərdə tutulur.

Sahədə dəyişən reallıq

Yanvar ayında Hələbdə baş verən toqquşmalar zamanı PKK rəhbərliyinin yenidən aktivləşməsi diqqət çəkmişdi. Suriya ordusu açıqlamışdı ki, Bahoz Erdal Qəndildən Tabkaya gəlib və hərbi əməliyyatların idarəsində rol alıb. Lakin beynəlxalq təzyiqlər və regional liderlərin iştirakı ilə əldə olunan razılaşma prioritetləri dəyişdi və atəşkəs xətti qorundu.

Məlumata görə, təxminən min nəfərin Suriyanı tərk etməsi gözlənilir. Qərb mənbələri bildirir ki, regionda illərlə qurulan yeraltı tunellərin yerində iqtisadi layihələrin həyata keçirilməsi planlaşdırılır.

SDG-nin gələcəyi və inteqrasiya prosesi

Razılaşmanın digər maddələri də mərhələli şəkildə icra olunur. Neft və qaz yataqlarının, strateji obyektlərin, o cümlədən sərhəd-keçid məntəqələrinin Dəməşqin nəzarətinə verilməsi prosesi başlayıb. SDG qüvvələrinin Suriya ordusuna inteqrasiyası isə ən çətin mərhələ hesab olunur.

Son görüşlər göstərir ki, SDG daxilində iki fərqli yanaşma mövcuddur. Bir qrup siyasi inteqrasiyanı və dövlət strukturlarında təmsilçiliyi üstün tutur. Digər qrup isə zaman qazanaraq regional balansın dəyişəcəyini və daha geniş muxtariyyət modelinin formalaşacağını gözləyir.

Hazırda proses səssiz, lakin strateji əhəmiyyətli mərhələyə qədəm qoyub. PKK rəhbərliyinin Suriyanı tərk etməsi təkcə hərbi yox, həm də siyasi baxımdan yeni reallıq yaradır. Bu addımın regionda uzunmüddətli sabitliyə gətirib çıxarıb-çıxarmayacağı isə qarşıdakı aylarda aydınlaşacaq.

Amir Aqiloğlu

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05