!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“PKK və İŞİD vasitəsilə Türkiyə ilə müharibə aparan ABŞ-dır” - İbrahim Karagül yazır

!Reklam – Yazi

“ABŞ Türkiyə üçün düşmən ölkədir. Bir gün minlərlə insan “İncirlik” aviabazasını mühasirəyə alacaq.”

İbrahim Karagül

Yenicag.az xəbər verir ki, bunu tanınmış türk analitik, “Yeni Şafak” qəzetinin köşə yazarı İbrahim Karagül regionda baş verən proseslər barədə qələmə aldığı məqaləsində qeyd edib. O məqalədə Türkiyə-ABŞ və Türkiyə-NATO əlaqələrini ətraflı şəkildə şərh edib.

Həmin yazını təqdim edirik:

“Artıq ABŞ heç bir təqdirdə Türkiyə üçün güvənilən ölkə deyil. Qətiyyən ortaq, müttəfiq də deyil, ola bilməz, olmayacaq. ABŞ-ın heç bir təklifinə, vədinə, sözünə Türkiyədən müsbət cavab verilməyəcək.

Daha pisi odur ki, ABŞ artıq Türkiyə üçün ən yaxın, ən böyük və açıq təhditdir. Düşmən ölkədir… Ölkəmizin varlığı, birliyi, bütövlüyü, bu günü və sabahı üçün ciddi təhlükədir. ABŞ Türkiyəyə qarşı elan edilməmiş müharibəyə başlayıb.

PKK və İŞİD vasitəsilə bizimlə müharibə aparan ABŞ-dır…

ABŞ hökuməti NATO və “strateji tərəfdaşlıq” bəhanələri ilə bəzədilmiş bir plan həyata keçirir. Bu planın məqsədi İraq və Suriyada olduğu kimi, Türkiyəni də parçalamaqdır. Necə deyərlər, xəritə tərtib etməyə hazırlaşırlar. Aralıq dənizindən İrana qədər ölkəmizin cənub sərhədlərini bağlayaraq, bizi mühasirəyə alıb, Anadoluya sıxışdırmaq istəyirlər. Beləliklə isə bizi boğmağa, Türkiyəni kiçiltməyə çalışırlar.

PKK və İŞİD-i bizim üstümüzə göndərən də odur, “Fərat Qalxanı” əməliyyatında İŞİD-i qarşımıza çıxaran da, “xəndək savaşı”nda şəhərlərimizdə baş verən atışmaları bir növ “işğala hazırlıq” kimi təşkil edən də. Suriya müharibəsini də belə başlamışdılar: əvvəlcə həmin terror təşkilatları vasitəsilə Suriyanı parçaladılar, sonra isə onları həmin bölgələrə yerləşdirdilər.

Bütün bunlar “Türkiyə cəbhəsi”nə hazırlıqdır

Suriya müharibəsi “Türkiyə cəbhəsi”ni açmaq üçün “yaradılıb”. PKK-ya verilən minlərlə TIR dolusu silahın, yeri də məlum olmayan hərbi sığınacaqların İŞİD-lə heç bir əlaqəsi yoxdur. Bütün bunlar Türkiyə əleyhinə başlayacaq müharibəyə hazırlıqdır.

Bu plan xaç səfərləri zamanı regionumuz üçün çəkilən xəritə ilə eynidir. Aralıq dənizindən İrana qədər bütün bölgə insansızlaşdırılır. Ərəb və türkmənlər “təmizlənir”, deportasiya siyasi həyata keçirilməkdədir. Boşaldılan ərazilər tamamilə xarici bir quberniyaya çevriləcək və orada ABŞ-İsrail hərbi bazaları yerləşdiriləcək. Türkiyə və bütün regiona qarşı hücumlar buradan təşkil olunacaqdır.

Yeni milli mübarizə: artıq ittifaq əlaqələrinin bir mənası yoxdur

Türkiyə I Dünya Müharibəsindən sonra Anadolunun müdafiəsinə necə qalxmışdısa, indi də elə mübarizə aparır, mübarizə aparmağa məcburdur. Artıq milli mübarizə və yeni müstəqillik müharibəsi ABŞ və yaxın müttəfiqlərinə qarşı aparılır.

Artıq təhdit müəyyən olunub. Təhlükə bəllidir. Yüz il sonra yenidən ayağa qalxan Türkiyəni dayandırmaq, diz çökdürmək, kiçiltmək üçün böyük bir cəbhə qurulub. Artıq qəyyumluğa götürə bilmədikləri, təzyiq göstərə bilmədikləri, terrorla tərbiyə edə bilmədikləri Türkiyəyə qarşı açıq hücumlara başlayıb. Artıq idarə edə bilmədikləri, yüksəlişinə mane ola bilmədikləri Türkiyəni vəkalət müharibələri ilə dayandıra bilməyəcəklərini anlayıblar.

Buna görə də, NATO ittifaqı ilə, ABŞ-la münasibətlərin bizim üçün heç bir əhəmiyyəti qalmayıb. ABŞ bu ölkəni bir terror təşkilatına fəda edib, beləliklə də Türkiyə üçün birinci dərəcəli təhditə çevrilib.

Bu torpaqların “mübarizə genetikası” çox sağlamdır

Unutmasınlar ki, bu ölkə Səlcuqlardan Osmanlıya və Türkiyə Cümhuriyyətinə qədər uzanan dövlətçilik ənənəsinə sahibdir. Xaç səfərləri və monqol işğalından sonra böyük yüksəlişə ev sahibliyi edən Türkiyə üçüncü dəfə intibaha liderlik edəcək. Bu böyük yüksəlişi başlattığı üçün Türkiyə hədəfə çevrilib.

15 iyul da buna görə idi. FETÖ vasitəsilə içəridən vurub, PKK və İŞİD-lə cənubdan hücuma keçəcəkdilər. Bir gecədə bütün planları boşa çıxdı. İndi ikinci dalğa hücumlar başlayıb. Yenə cənubdan, amma bu dəfə sadəcə terror təşkilatları vasitəsilə deyil. Artıq ABŞ əsgərləri də sərhədlərimiz boyunca yerləşdirilib.

“İncirlik” bağlanmalı, digər hərbi bazaların varlığı isə müzakirə edilməlidir…

Bu torpaqlarda nə qədər amerikan bazası varsa, nə qədər ABŞ qüvvələri varsa, nə qədər kəşfiyyatçılar varsa, hamısı masaya yatırılmalıdır.

“İncirlik” hərbi bazası dərhal bağlanmalıdır. Çünki Suriya müharibəsi başladığı gündən bu günə kimi terror təşkilatları bu bazadan idarə edilir, iclaslar, danışıqlar burada həyata keçirilir.

PKK da İŞİD də buradan idarə edilir. 15 iyul hücumları da həmçinin… Ölkəmizdə, torpaqlarımızda mövcud olan ABŞ hərbi gücləri Türkiyə üçün təhditdir.

Minlərlə insan “İncirlik” bazasının üstünə gedəcək…

Təhdit sadəcə Suriya torpaqlarında deyil, içəridə də var və təhlükə təcili aradan qaldırılmalıdır. Əgər bu addım atılmazsa, minlərlə insan “İncirlik” bazasını mühasirəyə alacaq. Xarici əsgərləri bu millətin əlindən heç kim ala bilməyəcək. Çünki nifrət nə dayandırıla, nə də idarə oluna bilməz.

Aralıq dənizindən İran sərhədinə qədər bütün cənub sərhədlərimizdə təhlükəsizlik təmin olunacaq. Bu, Anadolunun müdafiəsidir. Bu torpaqlar bənzərsiz müdafiə-mübarizə nümunələrinə şahidlik edib. Türkiyəni Suriya və İraqa oxşadaraq plan quranların bütün ümidləri puç olacaq. Tarixin gedişatı başqa istiqamətdə çevrilib, bu həqiqəti ABŞ dəyişə bilməz.

Heç bir güc millətimizi sınaqdan keçirməyə çalışmasın

Millətimiz Çanaqqalada olduğu kimi, İstiqlal savaşında olduğu kimi böyük bir həmrəylik nümayiş etdirir. Afrinə əməliyyat başlayan kimi, ABŞ təhditləri üzə çıxan kimi bu həmrəylik bir daha özünü göstərməyə başladı. Heç kim millətimizin nə qədər güclü olduğunu sınaqdan keçirməyə çalışmasın.

ABŞ-ın öz içində xaos var, bizə nəsə deməyə haqları yoxdur. Min parçaya bölünmüş iqtidarla bu coğrafiyaya dərs verəcək halda deyillər. O mərhələ sona çatıb, İraqda və Suriyada məğlub olublar. İndi də iki terror təşkilatı ilə Türkiyəni qorxuda bilməzlər.

Bu müharibə deyil müdafiədir, evimizi qoruyuruq

Türkiyə qətiyyətlidir. Bütün qərarlarını, şərhlərini, tədbirlərini, gələcək hesablarını ABŞ təlqinləri ilə deyil, öz kimliyi, tarixi duruşu, bu regiondakı min illik siyasi təcrübəsi ilə həyata keçirir. Afrində başlayan əməliyyat Mənbicə qədər irəliləyəcək, terror dəhlizinin Aralıq dənizi tərəfdən qapısı bağlanacaq, daha sonra isə Fəratın şərqində nə qədər problem varsa hamısı həll olunacaq.

Çünki, bu müharibə deyil, müdafiədir. Çünki, bu xaricə müdaxilə deyil, sərhədlərimizi, evimizi qoruma mübarisəzidir. Çünki biz mübarizə aparmasaq, onlar bir addımdan sonra müharibəni Anadolunun içinə daşıyacaq, bizi öz evimizdə məhv etməyə çalışacaqlar.

Biz millət olaraq, dövlət ənənəsi olaraq, yüz illərdir bu coğrafiyada hansı kimliklə, hansı fərasətlə mövcud olmuşuqsa, dik dayanmışıqsa, bu gün də həmin kodlar hərəkətə keçib. Bu bir taledir, tarixi məsuliyyətdir, coğrafiya üçün çıxış yoludur.

Bu “Amansız mübarizə”dir. Afrin sadəcə başlanğıcdır

Türkiyə əsla tərəddüt etməməli, əsla başqalarının yalançı nümunələri ilə qərarlarına şübhə etməməli, əsla qorxmamalıdır. Türkiyə sadəcə sərhəd boyunca deyil, coğrafiyanın dərinliklərində, çata bildiyi hər yerdə mübarizə ocaqları inşa etməli, yüz il əvvəl yaşadıqlarını yadına salmalı, kimlərin hansı cəbhədə olduğunu yaxşıca görməli, müdafiə xəttini də bunun əsasında müəyyənləşdirməlidir.

O müdafiə xətti heç bir şəkildə sərhədlərimizin sıfır nöqtəsi deyil. O müdafiə xətti coğrafiyamızın tamamıdır.

Bu, “amansız mübarizə”dir. Onların xəritə qaralamarını cırıb bir kənara atacaq bir mübarizə. Bunun belə olduğunu görəcəksiniz. Afrin sadəcə başlanğıcdır”.

www.yenicag.az

3057
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv