“Rusiya Ukraynaya hərbi təcavüzə başlayıbsa, bu aqibət Moldova və Gürcüstanı da gözləyir”.
Bu fikirləri Ukrayna, Moldova, Gürcüstanın Avropa İttifaqına (Aİ) namizədliyi, prosesin mümkün gedişatı və gözləntiləri dəyərləndirən politoloq Tural Əliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlük “uğur”unu bayram etməsi hələ tezdir:
“Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların başlanmasına start verilib. Hər iki dövlətin başçısı bunu “qələbə” adlandırıb. İş orasındadır ki, bu istiqamətdə danışıqlar hələ davam edəcək və Avropa Komissiyasının tələblərinin nə dərəcədə yerinə yetirilməsinə baxılacaq. Yalnız tələblərin icrasından sonra bu ölkələrin Aİ-yə tam hüquqlu üzvlüyünə dair qərar verilə bilər.
Qeyd edək ki, Macarıstan prezidenti həmin toplantıya qatılmayıb. Ancaq bu o demək deyil ki, Budapeşt həmin ölkələrin Aİ-yə üzvlüyünə qarşıdır. Bununla belə, Belçika və Avstriya rəhbərləri müzakirələrdə kəskin mövqe bildiriblər. Əsas tənqid predmeti isə Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı olub. Bildirilib ki, Ukraynanın Avropa İttifaqına üzv olması qurum üçün bir çox təhlükələrə yol aça bilər.
2022-ci ildə Avropa İttifaqına üzvlüklə bağlı namizədlik statusu Bosniya və Herseqovinaya verilib, ancaq bu ölkə hələ də müsbət qərarın verilməsini gözləyir. Moldova, Ukrayna və Gürcüstana namizədlik statusunun verilməsi fonunda Bosniya və Herseqovinaya ilə Şimali Makidoniyanın kənara saxlanması siyasi qərardır. Moldova, Ukrayna və Gürcüstanın Rusiya ilə problemi var. Zaman-zaman Azərbaycana da təklif olunub ki, Qarabağdan imtina edin, Avropa İttifaqına üzvlük prosedurlarına başlayın.
Rəsmi Bakı buna razılıq vermirdi. Azərbaycana yönəlik o şərtlər digər dövlətlərə də təklif edilib. Toplantıda Ukrayna taxılının Avropaya daşınması məsələsinə də toxunulub. Avropa İttifaqının Ukraynanı Rusiyadan qoruması sual altındadır. Bu sıradan olan suallara hələ ki cavab tapılmır. O baxımdan, Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlük “uğur”unu bayram etməsi hələ tezdir.
Aydın məsələdir ki, adları çəkilən postsovet ölkələrinin Avropa İttifaqına üz tutmaları Rusiyanın maraqlarına zərbədir. Rusiya Ukraynaya hərbi təcavüzə başlayıbsa, bu aqibət Moldova və Gürcüstanı da gözləyir.
İddia edilir ki, Ukrayna İttifaqa 2030-cu ildə üzv ola bilər. Bu da deməkdir ki, Avropa İttifaqı müharibənin tam yekunlaşmasını gözləyəcək. Ya da Ukrayna parçalanmış şəkildə Avropa İttifaqına daxil olacaq. Eynilə də ərazi bütövlüyü problemi olan Moldova və Gürcüstan. Ona görə də, indidən sevinmək, yaxud nələrisə demək çox çətindir. Avropa İttifaqı daxilində gedəcək proseslərdən də çox şey aslı olacaq”.
Səxavət Məmməd
www.yenicag.az