Növbəti prezident seçkilərinə təqribən bir il vaxt qalsa da, ölkənin siyasi düşərgələrinin bu siyasi kampaniyaya hazırlıqla bağlı yanaşmaları kəskin fərqlənir.
Yenicag.Az xəbər verir ki, ötən bazar günü Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin 2018-ci ildə keçirilməsi gözlənilən prezident seçkilərində namizədliyinin irəli sürülməsi ölkənin mövcud siyasi qüvvələrinin seçki hazırlıqları məsələsini aktuallaşdırıb.
Bununla bağlı Yenicag.Az-a açıqlama verən hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin fikrincə, prezident seçkilərinin yaxınlaşması ilə ölkə ictimaiyyəti tədricən seçkilərə köklənir:
“O baxımdan, fəaliyyətdə olan siyasi təşkilatların prezident seçkilərinə hazırlaşması, namizədlərin indidən irəli sürülməsi normaldır.
Ancaq bildiyiniz kimi əsas məsələ namizədlərin sayı və kimliyi yox, Azərbaycan vətəndaşlarının onlardan hansına etimad göstərməsidir.
Siyasi rəqiblərimizin seçki hazırlıqlarına gəldikdə isə müşahidələrim belə deməyə əsas verir ki, müxalifət bu prezident seçkilərinə də pərakəndə halda qatılacaq və o düşərgədən bir neçə namizəd irəli sürüləcək”.
Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn isə Yenicag.Az-a açıqlamasında bildirib ki, prezident seçkilərinə hazırlıq məsələsi hələ aktuallıq qazanmayıb:
“Əslində, müxalifətdən növbəti prezident seçkilərində ilk olaraq İsa Qəmbərin namizədliyi irəli sürülüb. Xatırlayırsızsa, Müsavatın 2014-cü ildə keçirilmiş qurultayında bu barədə qərar qəbul edilib.
Ancaq hesab edirəm ki, ölkənin indiki vəziyyətində, yəni seçki mühitinin olmadığı bir şəraitdə bu barədə danışmaq tezdir. Açığı, sözügedən məsələ hələ gündəlikdə deyil.
Müxalifət yəqin ki, qarşıdakı dövrdə vahid namizədin müəyyənləşdirilməsi, yaxud da seçkilərə qatılmamaqla bağlı birgə qərar qəbul edə bilər. Ancaq indi belə bir aktuallıq yoxdur”.
A.Zeynalov
Yenicag.az
www.yenicag.az