Prezident İlham Əliyev “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” fərmanda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Yenicag.az-ın məlumatına görə, dəyişikliyə əsasən qaydalarda ipoteka kreditinin restrukturizasiyası ilə bağlı məsələlərin müəyyənləşdirilməsi də öz əksini tapıb.
Fərmana əsasən, ipoteka kreditinin verilməsinə dair tələblərdə də dəyişiklik olub. Belə ki, kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və ya qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsi ilə yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına veriləcək. Fondun İdarə Heyəti ipoteka kreditləri üzrə risklərin idarə edilməsi, ipoteka ilə yüklü edilən yaşayış sahələrinin likvidliyinin təmin olunması məqsədilə yaşayış sahəsinin ilkin və ya təkrar bazarda alınmasından asılı olaraq yaşayış sahəsinə dair (tikildiyi il, layihəsi, istismar vəziyyəti, yerləşmə yeri və s.) əlavə tələbləri və bu qaydanın 3.1.6-cı və 3.1.7-ci yarımbəndləri nəzərə alınmaqla, kreditin məbləği və kredit üzrə illik faiz dərəcələrinə dair şərtləri müəyyən edəcək.
Fərmana əsasən, kredit, o cümlədən güzəştli ipoteka krediti üzrə illik faiz dərəcələrinin yuxarı həddi Fondun Himayəçilik Şurası tərəfindən müəyyən olunacaq.
Hazırda qüvvədə olan qaydaya görə, ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır.Dəyişilliyə görə, bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir.
Digər dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləri üzrə təminat verilməsi Qaydası”na müvafiq olaraq ipoteka krediti almaq istəyən şəxs ipoteka krediti üzrə təminat alınması üçün müraciət etdikdə, kreditin verilməsinə dair qərar təminatla bağlı Fondun qərarının müvəkkil banka bildirilməsindən sonra qəbul ediləcək.
Fərmana əlavə edilmiş müvafiq bəndə əsasən, ipoteka kreditinin restrukturizasiyası qaydaları da müəyyən edilib. Belə ki, ipoteka kreditinin restrukturizasiyası iqtisadi və (və ya) hüquqi şəraitin dəyişməsi, habelə borcalanın maliyyə çətinliyinin yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə yenidən maliyyələşdirilmiş ipoteka krediti üzrə borcalan kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi (kreditin restrukturizasiyası) üçün müvəkkil banka elektron sistem vasitəsilə müraciət edə bilər.
Müvəkkil bank 3 iş günü müddətində borcalanın ipoteka krediti üzrə öhdəliyinin restrukturizasiyası haqqında müraciətini elektron sistem vasitəsilə əldə olunan, elektron sistem vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda isə borcalanın təqdim etdiyi sənədlər əsasında yoxlayır və müraciətin bu Qaydanın 6-1-ci hissəsinə uyğun olduğunu müəyyənləşdirdikdə ipoteka kreditinin restrukturizasiya edilməsi barədə Fonda müraciət edir.
Fond müraciət daxil olduğu tarixdən 10 iş günü müddətində borcalanın müraciəti ilə bağlı ipoteka kreditinin restrukturizasiyası barədə razılıq və ya əsaslandırılmış imtina haqqında qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün, borcalana və müvəkkil banka bildirilməklə, elektron sistemdə yerləşdirilir.
Fond tərəfindən ipoteka kreditinin restrukturizasiyasına razılıq barədə qərar elektron sistemdə yerləşdirildiyi tarixdən 5 iş günü müddətində kreditin restrukturizasiyasının rəsmiləşdirilməsi həyata keçirilir.
İpoteka kreditinin restrukturizasiyası aşağıdakı formalarda həyata keçirilə bilər:
kredit məbləğindən çox olmamaq şərtilə kredit üzrə hesablanmış faizlərin kapitallaşdırılaraq əsas borcun məbləğinə əlavə olunması;
Bu Qaydanın kreditin maksimum müddətinə dair tələbi nəzərə alınmaqla kreditin müddətinin uzadılması;
Müvəkkil bankın razılığı ilə kredit üzrə faiz dərəcəsinin bankın xidmət haqqısı hesabına azaldılması;
İpoteka krediti üzrə ödənişlərə 1 ildən çox olmayan müddətə fasilə verilməsi.
Restrukturizasiya formaları birlikdə və ya ayrılıqda tətbiq edilə bilər. Restrukturizasiya kreditin qüvvədə olduğu müddət ərzində ən çoxu 3 dəfə həyata keçirilə bilər və bu restrukturizasiyalar arasındakı dövr minimum 1 il olmalıdır.
Fərmana görə, aşağıdakı hallarda Fond tərəfindən ipoteka kreditinin restrukturizasiyasından imtina edilir:
Borcalanın maliyyə vəziyyətinin pisləşməsi və digər maliyyə çətinliyi yaradan hallarla üzləşməsini təsdiq edən sənədlər təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərdə göstərilən məlumatlar öz təsdiqini tapmadıqda;
Restrukturizasiya üçün müraciət olunan kredit bu Qaydanın 6-1.8-ci yarımbəndinə əsasən Fond tərəfindən müəyyən olunan tələblərə cavab vermədikdə.
İpoteka kreditinin restrukturizasiyasına dair sənədlərin siyahısı və digər tələblər Fondun İdarə Heyəti tərəfindən müəyyən olunur.”.
Fərmana əsasən barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına görə kreditin verilməsi 2018-ci il iyulun 1-dən tətbiq ediləcək.
Qeyd edək ki, Fərmana əsasən Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Nazirlər Kabineti normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Fərmanla Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək, İpoteka və Kredit Zəmanət Fonduna isə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
www.yenicag.az