!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin “Rossiya Seqodnya”ya müsahibəsi dünya mediasının diqqət mərkəzindədir

!Reklam – Yazi

Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi müsahibədə səsləndirdiyi fikirlər dünya mətbuatı tərəfindən geniş işıqlandırılıb.

Rusiyanın TASS agentliyi Prezident İlham Əliyevin rəsmi Bakının Qarabağın bərpasında Rusiya şirkətlərinin iştirakını və Rusiyadan investisiyaların yatırılmasını alqışlaması barədə dediklərini oxucularına çatdırıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti xarici investisiyalar üzrə birinci layihənin Rusiyaya məxsus olduğunu vurğulayıb.

“News.ru” nəşri Azərbaycan Liderinin Avropa İttifaqının xarici məsələlər üzrə nümayəndəsi Borrel barədə söylədiklərini önə çəkib. Bildirilib ki, Prezident İlham Əliyev COP-da çıxışlarının birində Borreldən sitat gətirərək, onun Avropanı çiçəklənən bağa, qalanlarını isə cəngəlliyə oxşatdığını deyib. Materialda, həmçinin dövlətimizin başçısının “Borrelə gəldikdə, düşünürəm ki, o, bir neçə onillik əvvəl yaşasaydı, diktator Frankonun yaxşı xarici işlər naziri olardı. Onun, sadəcə, başqa zamanda yaşamaqla bəxti gətirməyib” fikirləri yer alıb.

“RBK” nəşri Prezident İlham Əliyevin Gürcüstanda son günlər baş verən hadisələrə münasibətindən yazıb. Qeyd edilib ki, Azərbaycanın dövlət başçısı Gürcüstanda baş verən iğtişaşlarda Fransa Prezidenti Emmanuel Makronun əli olduğunu, öz ölkəsində rahat durmadığı və Gürcüstana da əl atdığını vurğulayıb.

“Tatarıstan-online” qəzeti isə dövlətimizin başçısının Qarabağın bərpasına ilk investisiya layihəsinin Tatarıstan tərəfindən həyata keçirilməsi barədə fikirlərinə diqqət çəkib. Qeyd olunub ki, Azərbaycan Prezidenti Cəbrayıl rayonunda “KamAZ” xidmət mərkəzinin açılışını xatırladıb. O vurğulayıb ki, bu, xarici investisiyalar üzrə birinci layihədir.

“İnterfaks” agentliyi Prezident İlham Əliyevin Ermənistandakı Avropa İttifaqı müşahidəçilərinin NATO missiyasına çevrilməsi barədə fikirlərini sitat gətirib. Bildirilir ki, Azərbaycan Lideri “Avropa müşahidəçiləri” pərdəsi altında Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradıldığını diqqətə çatdırıb. Bundan əlavə, agentlik Azərbaycan Prezidentinin Ermənistanın Fransa, Hindistan və ABŞ tərəfindən silahlandırılması məsələsinə də münasibət bildirdiyini yazıb.

“Qazeta.ru” nəşri qeyd edir ki, Prezident İlham Əliyevin rusiyalı həmkarının komandasına sanksiya siyasətinin mənfi nəticələrini minimuma endirmək üçün gələcəkdə də bütün tədbirləri görməyi, öz gücünə, qətiyyətinə inam diləyib. Rusiya cəmiyyətinin hər hansı bir cəmiyyət kimi ağır dövrdə birləşdiyini xatırladan Azərbaycan Lideri bu konsolidasiyanın gələcək də davam etməsini arzulayıb.

Türkiyənin Anadolu Agentliyinin, “Cumhuriyet” qəzetinin, “BengüTürk” telekanalının xəbərlərində vurğulanır ki, Prezident İlham Əliyev müsahibəsində Türkiyə ilə Azərbaycan arasında təhlükəsizlik sahəsində müttəfiqlik münasibətlərindən bəhs edərək, hər il ölkələrimizin 10-dan çox birgə təlim keçirdiyini, bunun Qafqazda sabitlik üçün mühüm amil olduğunu bildirib.

“HaberGlobal” telekanalının saytında yayımlanan yazıda dövlətimizin başçısının Ermənistanla sülh danışıqlarında razılaşdırılmayan iki bəndin qaldığını, bunların “tərəflərin bir-birinə qarşı beynəlxalq iddialar irəli sürməməsi” və “sərhədlərdə başqa dövlətlərin nümayəndələrinin yerləşdirməməsi” olduğunu bəyan etdiyi diqqətə çatdırılıb.

“Star” qəzeti isə Prezident İlham Əliyevin jurnalistin Türkiyənin Azərbaycanda hərbi bazasına ehtiyacın olub-olmaması ilə bağlı sualına cavabını dərc edib: “Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir”.

“Başka” qəzeti və “CUMHA” xəbər agentliyi isə dövlətimizin başçısının Fransanın və digər ölkələrin Ermənistanı silahlandırması ilə bağlı fikirlərini oxuculara çatdırıb. Qəzet dövlətimizin başçısına istinadla yazıb: “Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır və Azərbaycan üçün təhlükə yaradır. …Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik”.

“Artı Gerçek” portalı isə bildirib ki, Azərbaycan Prezidenti ölkədə Türkiyənin hərbi bazasının yaradılması planı ilə bağlı yayılan xəbərləri “siyasi spekulyasiya” adlandırıb və belə bir bazanın yaradılmasına ehtiyacın olmadığını vurğulayıb.

“Gazete Kritik” nəşri isə dövlətimizin başçısının Rusiya ilə Qərb arasında davam edən qarşıdurmaya münasibət bildirdiyini yazıb. Prezident İlham Əliyevin bu fikirləri sitat gətirilib: “NATO-nun və Rusiyanın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək”.

Şimali Kipr Türk Respublikasının “Türk Ajansı Kipr” xəbər agentliyinin və “Kıbrıs Türk” qəzetinin informasiyalarında oxucuların diqqətinə çatdırılır ki, Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Türkiyə ilə təhlükəsizlik sahəsində müttəfiqlik münasibətlərindən də danışıb. Türkiyə ilə hərbi əlaqələrin müstəqilliyimizin ilk günlərindən davam etdiyini, rəsmi Ankaranın Azərbaycan Ordusunun modernləşdirilməsində və yüksək standartlara çatmasında böyük rol oynadığını vurğulayıb.

Rumıniyanın qabaqcıl media orqanlarında Prezident İlham Əliyevin müsahibəsindəki fikirləri geniş yayılıb.

“AGERPRES” milli xəbər agentliyi, “digi24.ro”“stirileprotv.ro”, “adevarul.ro”, “capital.ro”, “financialintelligence.ro” portalları, “Prima Pagina”, “Ziarul Amprenta” kimi qəzetlər və digər nəşrlər xəbərlərində Prezident İlham Əliyevin müsahibəsində Azərbaycandan Avropaya elektrik enerjisi nəql edəcək sualtı kabelin texniki-iqtisadi əsaslandırılmasının yaxın vaxtlarda tamamlanacağını bildirdiyini qeyd ediblər. “İlkin mərhələdə bu, 4 min meqavatdır, amma Avropa ölkələrinin enerjiyə tələbatını nəzərə alaraq, hətta onların özünün çoxlu investisiya qoymaları baxımından biz bilirik ki, onsuz da bunlara tələbat olacaq”, – deyə media resursları dövlətimizin başçısına istinadla vurğulayıblar.

Əlcəzairin “al24news” nəşri Prezident İlham Əliyevin müsahibəsində Fransanın Mayot və Yeni Kaledoniyanın qanunsuz işğalını kəskin tənqid etdiyini bildirib. Portal dövlətimizin başçısının Yeni Kaledoniyada iğtişaşlar zamanı 13 insanın qətlə yetirilməsini, 100-dən çoxunun yaralanmasını, 1000-dən artığının isə həbs olunmasını kəskin şəkildə pislədiyini və bunlara görə Fransa hökumətini günahlandırdığını qeyd edib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev bunun Makron diktaturasının nəticəsi olduğunu və Yeni Kaledoniyanı dəstəklədiyinə görə rəsmi Parisin Azərbaycanı ittiham etdiyini vurğulayıb.

“Euromedia24” portalı bildirir ki, Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Rusiya ilə NATO arasında qorxulu müharibə ssenarisinin baş verməməsi üçün müdrikliyin kifayət etdiyini diqqətə çatdırıb. Portal dövlətimizin başçısının bununla bağlı bu fikirlərini sitat gətirib: “Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin”.

Bolqarıstanın “Zemya” xəbər portalında dərc olunan “Prezident İlham Əliyev ABŞ-dakı “Sorosçuları” Ermənistana silah göndərməməyə çağırdı” sərlövhəli yazıda, eyni zamanda, “Fokus” xəbər agentliyi müsahibə ilə bağlı materialında dövlətimizin başçısının ABŞ-dakı “Sorosçuları” Ermənistana silah göndərməməyə çağırdığını, bu addımın yeni müharibəyə səbəb ola biləcəyinə işarə etdiyi bildirib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti bununla bağlı bəyan edib: “…erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın”.

Saytlar yazır ki, dövlət başçısı, həmçinin Azərbaycanın adekvat tədbirlər görməyə məcbur qaldığını, 2025-ci ildə hərbi büdcənin rekord məbləğ olacağını söyləyib.

Bu ölkənin “Faktı”, “Classa”  “NetNews” Prezident İlham Əliyevin Azərbaycan-Türkiyə hərbi, strateji müttəfiqlik əlaqələrinə, habelə Rusiyanın azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə investisiya yatırması ilə bağlı fikirlərini oxucularına çatdırıb.

Yunanıstanın “EL” portalı isə yazıb ki, Prezident İlham Əliyev müsahibəsində Türkiyənin Azərbaycanda hərbi baza qurmasına ehtiyacın olmadığını bildirib. Azərbaycanın dövlət başçısı bununla bağlı yayılan xəbərlərin “siyasi təxmin” olaraq qiymətləndirib. Vurğulayıb ki, Şuşa Bəyannaməsi iki ölkə arasında qarşılıqlı hərbi dəstəyi təmin edir.

Portal, həmçinin Azərbaycan Prezidentinin NATO ilə Rusiya arasında müharibə ehtimalı ilə bağlı fikirlərini də yayımlayıb. Dövlətimizin başçısına istinadla qeyd olunub ki, Rusiya ilə NATO arasındakı gərginlik bir çox ölkələrdə narahatlıq doğurur. NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir.

Gürcüstan mediası da Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində yer alan fikirləri diqqət mərkəzində saxlayıb.

“Qafqazturk.com” dövlətimizin başçısının Azərbaycan-Gürcüstan münasibətlərinə dair bu fikirləri oxucularına çatdırıb: “Gürcüstan bizim üçün çox mühüm tərəfdaş və yaxın dostdur. …Ona görə də orada vəziyyətin sabitliyinin pozulması hər iki ölkə üçün eyni dərəcədə zərərlidir”. Xəbərdə qeyd olunub ki, Azərbaycan Prezidenti, həmçinin Fransa Prezidenti Emmanuel Makronun Gürcüstana da əl uzatdığını vurğulayıb.

“İnterpressnews.ge” portalı Prezident İlham Əliyevin Fransa Prezidenti Makronun Gürcüstana da əl uzatmasına münasibət bildirdiyini qeyd edərək yazıb: “Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır”.

“Sputnik-georgia” isə dövlətimizin başçısının Türkiyə ilə əlaqələr, Azərbaycanda Türkiyənin hərbi bazası ilə bağlı suala cavabını oxucularının diqqətinə çatdırıb. Bildirilib ki, Azərbaycan Türkiyə ilə müstəqilliyini bərpa etdiyi ilk illərdən hərbi əməkdaşlıq edir və bu əməkdaşlıq davam edir.

“Biz Parisdə Məryəm Ana kilsəsindəki mərasimdə nəyin şahidi olduq? Papa Fransisk mərasimdən imtina etdi, o, əlbəttə, Makrona bu Olimpiya rüsvayçılığını bağışlamadı. Düzgün də etdi. O, Korsikaya yollandı. Necə deyərlər, sanki müəyyən bir yerindən tutaraq ağrıtmaq üçün”. Dövlətimizin başçısının bu fikirləri isə “aktual.ge” portalında yayımlanan məqalədə dərc olunub.

“Aktual.ge” portalı, həmçinin “realnews.ge”, “24news.ge” saytları Prezident İlham Əliyevin Azərbaycanın Gürcüstanla dostluq və tərəfdaşlıq münasibətlərinə, bu ölkədəki vəziyyətə dair fikirlərinə geniş yer ayırıb.

Qazaxıstanın “tengrinews” portalı yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Makronun Gürcüstandakı nümayişlərə müdaxilə etdiyini açıqlayıb. Dövlət başçısı bununla bağlı qeyd edib: “Yaxşıdır ki, indi şərait artıq sabitləşməyə doğru gedir. Amma gördüyünüz kimi, yenə də Makronun qulaqları görünür. Adam öz ölkəsində otura bilmir. Mütləq Gürcüstana da əl uzatmalıdır”. Sayt Prezidentin Gürcüstanda fəaliyyət göstərən və xaricdən maliyyələşən QHT-lərlə bağlı fikirlərinə də geniş yer ayırıb.

“Toppress” saytı isə Azərbaycan Prezidentinin USAID-ın fəaliyyətinə dair fikirlərinə toxunub. Sayt dövlətimizin başçısının bu fikirlərini təqdim edib: “Onlar təkidlə kömək etmək istəyirlər. Amma biz, necə deyərlər, yetkin insanlarıq, hər şeyi başa düşürük. Ona görə də bütün bunları qaydaya saldıq. Məsələn, Azərbaycan mediası heç bir xarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edə bilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür? Nə üçün onlar bizimkiləri maliyyələşdirsin”.

“Ustinka” portalı isə qeyd edir ki, Prezident İlham Əliyev Azərbaycanın Rusiyadan Qarabağa investisiyaların qəbul edilməsinə hazır olduğunu vurğulayıb. Bildirib ki, ilk investisiya layihəsini Tatarıstan həyata keçirib. “ Beləliklə, biz həm investisiyaları gözləyirik, həm də iş icraçılarına şad olardıq”, – deyə dövlət başçısı əlavə edib.

Qeyd edək ki, müxtəlif ölkələrin informasiya resursları dövlətimizin başçısının müsahibədə müxtəlif mövzularla bağlı səsləndirdiyi fikirləri yaymaqda davam edir.

www.yenicag.az

84
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv