“Vətəndaşların kredit borclarının həcmi artıq 2 milyard manata yaxınlaşıb”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Gürcüstan hökumətinin banklar qarşısında kredit öhdəliyi olan 600 min vətəndaşın 500 milyon lari (təqribən 310 milyon manat) civarında olan borclarının silinməsinə dair qərarına münasibət bildirən millət vəkili Vahid Əhmədov deyib.
Bu gün Gürcüstanın baş naziri Mamuka Baxtadze 600 min vətəndaşın kredit borclarının bu ilin sonuna qədər silinəcəyini açıqlayıb. Onun sözlərinə görə, ölkədə problemli kreditlərin 90 faizini 2 min laridən az olan borclar təşkil edir.
Maliyyə imkanları kifayət qədər məhdud olan Gürcüstanda hökumətin vətəndaşların kredit borclarını ləğv etmək qərarı Azərbaycanda analoji məsələni yenidən gündəmə gətirib.
2015-ci ilin fevral və dekabrında manatın devalvasiyaya uğramasından sonra Azərbaycanda problemli kreditlərin həcmi katastrofik həddə çatıb. Bununla belə, son illərdə millət vəkilləri və müstəqil ekspertlərin problemli kreditlərin qaytarılması üçün kompromis variantların tətbiqinə dair çağırışlarına hökumətdən hər hansı qarşılıq verilməyib.
Dünya bazarında neftin bahalaşması da hökuməti problemli kreditlərin bir qismini silmək addımına sövq edə bilməyib. Bu fonda maliyyə imkanları Azərbaycanla müqayisəyə belə gəlməyən kasıb Gürcüstanın vətəndaşlara doğru jestini qiymətləndirməmək olmur.
Qeyd olunan mövzunu Yenicag.az-a şərh edən millət vəkili Vahid Əhmədovun sözlərinə görə, problemli kreditlərlə bağlı məsələ hər zaman gündəlikdədir və bu məsələ indi də müzakirə olunur:
“Açığı, bu barədə məlumatım yoxdur. Əgər Gürcüstan hökuməti belə bir addım atıbsa, bu, çox yaxşı haldır. Azərbaycanda kredit borcu olan çox sayda insan var. Problemli kreditlərin ümumi həcmi artıq 2 milyard manata yaxınlaşıb.
Bu məsələ ilə bağlı biz hər zaman çıxış edirik, təkliflərimizi irəli sürürük. Lakin bu barədə hələ ki hər hansı qərar yoxdur. Əlbəttə, hökumətin imkanı olanda bu problemi həll etməlidir.
Elə kreditlər var ki, imkansız vətəndaşlar, sahibkarlar onsuz da o pulu qaytara bilməyəcəklər. Ona görə də, o kreditləri imkan daxilində silmək lazımdır. Amma elələri də var ki, onlar kredit borclarını qaytarmaq imkanında olsalar da, vəziyyətdən istifadə edərək, ödənişlərdən yayınırlar. Bütün hallarda araşdırmaq lazımdır. Problemli kreditlərin təsnifatı aparılmalıdır.
Ümumiyyətlə isə problemli kreditlər məsələsi həmişə gündəmdədir. Elə Milli Məclisin Komitəsində keçirilən büdcə müzakirələrində də bu məsələyə toxunuldu.
Gürcüstan hökumətinin bu addımına gəlincə, bu, həm də qonşu ölkədə keçiriləcək prezident seçkilərinin ikinci turu ilə də bağlı ola bilər. Mən bizdə kredit borcunu obyektiv səbəbdən qaytara bilməyən vətəndaşların borclarının silinməsini məqbul sayıram”.
A.Zeynalov
www.yenicag.az