Mənim üçün “Keşlə”nin Malta klubuna uduzub, Avropa Liqasında mübarizəni dayandırmasının elə də bir önəmi yoxdur. Heç zərrə qədər də üzülmürəm, vecimə də deyil. Yəni, heç bir halda “Keşlə”nin məğlubiyyəti insanın infarkt keçirməsinə səbəb ola bilməz.
Lütfən, klubun azsaylı azarkeşləri bu sözlərimə görə məndən inciməsinlər. AFFA-nın əli ilə idarə olunan, Zaur Axundovun “oyuncağı”na çevrilən, bu gedişlə 1-2 illik ömrü qalan klubun “Baltsan”a məğlubiyyətinə görə niyə özünüzü öldürməlisiniz ki?
İki oyunun nəticəsinə görə Lüksemburq “Proqres”i qarşısında aciz qalan “Qəbələ”nin gələcək taleyi isə klub prezidenti Tale Heydərovun əlindədir. Nazir oğlu klubun büdcəsinə əl gəzdirsə, nəticə olacaq, əks halda “qırmızı-qaralar”ı növbəti illərdə birinci divizionda görsəniz, təəccüblənməyin. Hər halda komandanın maliyyə problemləri olduğu Baqali Dabo, Filip Ozobiç kimi futbolçuları əlindən çıxarmasından da görünür. İddialı klub 50 min dollara görə əsas qol silahını rəqib komandaya türklər demiş, “kaptırmaz”. Çempionluq mübarizəsi aparan komanda hansı yolla olursa-olsun, Ozobiçlə müqaviləni yeniləməli idi.
“Neftçi” isə ən köklü klubumuzdur, ölkə futbolunun flaqmanıdır. Neft pullarının xərcləndiyi “ağ-qaralar”da imkan da yaxşıdır, şərait də. 7-dən 77-ə bu komandanı könüldən sevən azarkeş kütləsi də var. Buna baxmayaraq, bakılılar yenə ilk imtahandan kəsildi. Bunu dəfələrlə demişəm, indi də təkrar edirəm. Bu klubda pul var, amma BAŞ yoxdur.
Onsuz Kamran Quliyevin prezidenti olduğu klubdan başqa nəticə gözləmək də ağılsızlıq olardı. Onun ən yaxşı bacardığı şey danışmaqdır. Mikrafon, diktafon uzadasan, qoyasan saatlarla mənasız danışa. Amma pafoslu cümlələrin fonunda ortada ciddi bir iş yoxdur. Adam “Sumqayıt”ı nə vaxt gün işığına çıxarmışdı ki, onu gətirib”Neftçi”yə də çıxardılar?
Bunların işi-gücü yalnız qara işlər görüb pul qazanmaqdan ibarətdir. Avroliqaya vəsiqə qazanan Tərlan Əhmədovu göndərib, Roberto Bordini gətirmək də bu planın bir parçası idi. Sanki italyan baş məşqçi gəlib “Neftçi”ni ağ günə çıxaracaqdı ki, əvəzində ötən gecə “Neftçi”nin ağ yuyub, qara sərildiyini gördük.
Sən Allah, ilk oyunda 3:1 hesablı qələbə qazanıb, cavab matçında sərfəli nəticəni qoruya bilməyərək 0:4 hesabı ilə darmadağın olmaq nə deməkdir? Görəsən, heç xəcalət çəkirlər? Bu sifət ki, onlarda var, çətin… “Üzücü məğlubiyyətdi, çempionata hazırlaşmalıyıq. Ağır məğlubiyyət tək Bordinin yox, dünya səviyyəsində tanınmış məşqçilərin də başına gəlir” deyib keçəcəklər.
Amma əmin olun ki, Kamran Quliyev “Neftçi”nin ən sadiq azarkeşlərindən də çox üzülür. “Sevilya”nın ev oyunları keçirdiyi “Xuan Sançes Pisxuan” stadionundan “selfie” çəkdirə bilməyəcəyinə görə…
“Neftçi” “Uypeşt”i keçmədən İspaniya səfərinə biletləri sifariş edəcək qədər qeyri-peşəkarlar tərəfindən idarə olunur. Bu baxımdan “ağ-qaralar”ın rəhbərliyinin “Qarabağ”dan, xüsusən də Qurban Qurbanovdan öyrənəcəyi çox şey var. Çempionlar Liqasının qrupunda “Çelsi”, “Roma”, “Atletiko” kimi komandalarla üz-üzə gələn komandanın baş məşqçisi təvəzökarlığını qoruyur, amma “Uypeşt”i ilk oyunda udan Kamran Quliyev yerə-görə sığmır. Yazıq harada görüb ki?! Başa düşürük, görməmişlik əlamətidir.
Elə da baş məşqçilərini də “Qarabağ” sayəsində görüb, tanımışdılar…
Emin Səfərov
www.yenicag.az