AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyası tərəfindən Qarabağ düzənliyində və yeni qeydiyyata alınmış neolit və eneolit dövrü abidələrində kəşfiyyat-qazıntı işlərinə başlanılıb.
Trend-in məlumatına görə, ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov bildirib ki, arxeoloji kəşfiyyat işləri əsasən Bərdə, Yevlax və Tərtər rayonları ərazisində aparılır. Sözügedən rayonlarda 26 marşrut üzrə 200-dən çox obyektin yoxlanıldığını deyən alim bildirib ki, tədqiqatlar zamanı müxtəlif dövrlərə aid onlarla yaşayış yeri və kurqanlar aşkar edilərək qeydiyyata alınıb.
Bundan əlavə, Bərdə rayonu ərazisində yerləşən Koramaltəpə, Buruqtəpə, Yastıtəpə, Soğanverdilər və Piyadalar kimi qədim yaşayış yerlərində topoqrafiq ölçmə işləri aparılıb, onların mədəni təbəqə yatımının qalınlığının və stratiqrafiyasının müəyyənləşdirilməsi üçün arxeoloji kəşfiyyat qazıntıları icra edilib. Aparılmış kəşfiyyat qazıntılarının nəticələri Qarabağın əkinçi-maldar əhaliyə məxsus yaşayış yerlərinin xronoloji, təsərrüfat və mədəni mənsubiyyətinə görə bölgüsünün öyrənilməsinə və bölgədə neolit dövrü abidələrinin aşkar edilməsinə yardımçı olacaq.
Eyni zamanda, ekspedisiya tərəfindən gələcəkdə Xaçınçay-Tərtərçay hövzəsində yerləşən neolit dövrü abidələrində geniş miqyaslı arxeoloji qazıntıların aparılması planlaşdırılır.
Qeyd edək ki, 2014-cü ildə ekspedisiya tərəfindən Bərdə rayonu ərazisindəki Xaçınçay hövzəsinin Əmirli və Xanərəb kəndləri arasında yerləşən qədim yatağı boyunca arxeoloji kəşfiyyat işləri aparılıb, 10 neolit və Leylatəpə mədəniyyətinə (eneolit dövrünə) aid yaşayış yeri aşkar edilərək qeydiyyata alınıb. Bu tədqiqatlar erkən əkinçi-maldar tayfaların Qarabağ ərazisində məskunlaşma arealının şimalda Xaçınçayla hüdudlanmadığını sübut edib.
www.yenicag.az