“Qarabağ və Şuşadan əl çəksələr də...” – İrəvan “soyqırımı kartı”nı HƏLƏ DƏ BURAXMIR
“Son dövrlərdə Ermənistanın bəzi iddialarından, erməni diasporunun mövqeyindən fərqli olaraq, sözlə deyil, əməldə geri çəkildiyini göstərməsi bu səfərin ehtimalını gücləndirir”.
Bunu Yenicag.az-a açıqlamasında türkiyəli jurnalist və Yaxın Şərq üzrə siyasi şərhçi Dəniz Büstani deyib.
O, İrəvanda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutacaq görüşdə Prezident İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin yazında Ermənistana səfər edəcəyi ilə bağlı yayımlanan informasiyalara, eləcə də münasibətlərin bərpa edilməsi fonunda İrəvanın hələ də davam etdirdiyi saxta “soyqırımı” iddialarına münasibət bildirib.
Müsahibimizin sözlərinə görə, Orta Şərqin yenidən dizayn edildiyi bir dövrdə qonşu olan ölkələrin praqmatik münasibətlər qurması normaldır:
“Lakin İrəvanın türk xalqı ilə münasibətləri normallaşdıracaq səviyyədə addımlar atdığını demək hələ doğru olmaz. Əvvəlcə onlar onilliklərdir türk xalqına qarşı irəli sürülən soyqırımı iftiralarını yerində düzəltməlidirlər. Yəni uydurma iddiaların qarşısında tarixi həqiqətləri qəbul etməlidirlər. Azərbaycan-Türkiyə ikilisi ilə Ermənistan arasında atılan müsbət addımlara Ermənistan hökuməti müsbət bəyanatlarla cavab verməli, Ermənistan dövləti türk dövlətləri ilə yalnız bugünkü deyil, gələcək üçün də sabit bir əlaqə qurula biləcəyini nümayiş etdirməlidir”.
“İrəvan sülh istəyib-istəmədiyini məhz bu bəyanatlar və mövqe ilə göstərə bilər. Bu gün üçün Qarabağ və Şuşaya aid iddialarından geri çəkilsələr də, türk xalqına qarşı irəli sürdükləri iddialar iftira olduğunu hələ açıq şəkildə deməyiblər. Bu addım da atıldıqdan sonra isə həm Azərbaycanın, həm də Türkiyənin Ermənistanla yaxşı münasibətlər qurmaqda heç bir tərəddüdü olmayacağını düşünürəm”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov