“Həm Addai, həm də Kaşukun transferi “Qarabağ” üçün faydalı olacaq”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında “Qarabağ”ın hazırda davam edən transferlər seriyası barədə danışan idman jurnalisti Emin Abbasov deyib.
Onun sözlərinə görə, “Qarabağ”ı Avropa Liqasında maraqlı, çətin oyunlar gözləyir:
“Turnirin formatı dəyişəndən sonra 8 fərqli rəqiblə qarşılaşmalıdırlar. Bu səviyyədə oynamaq üçün geniş heyətə malik olmaq lazımdır. “Qarabağ” Emmanuel Addaini, ardınca Kaşuku transfer etdi. Addai hücumun sol, Kaşuk isə sağ cinahı üçün nəzərdə tutulub. Başqa cür desək, Addai Zubirlə, Kaşuk da Leandro Andrade ilə rəqabət aparmalıdır. Matçların çoxluğunu nəzərə alsaq, düşünmürəm ki, onlardan hansısa biri oyun praktikası baxımından əziyyət çəksin. Avrokuboklar, daxili oyunlarda baş məşqçi hər zaman rotasiyalara əl atır”.
E.Abbasov qeyd edib ki, bu transferlər həm də gələcəyə hesablanıb:
“Məsələn, Zubir yaşlanıb, Addai isə cavandır. Emmanuel çox maraqlı oyunçuya oxşayır. “Qarabağ”ın oyun üslubuna uyğunlaşsa, xeyir verəcək. Kaşuka gəlincə, “Qarabağ” çoxdandır ki sağ cinaha sol ayaqlı hücum futbolçusu axtarırdı. Andrade yaxşı futbolçu olsa da, dünya futbolunda sağ cinahda sağ ayaqlı vingerin oynamasına az-az rast gəlinir. Əslində, Andradeni başqa mövqedə də oynatmaq olar. Dediyim ki, Kaşuk da rəqabət aparmalıdır.
Transferi ümumi dəyərləndirsək, Kaşuk tanıdığımız, bildiyimiz futbolçudur. Böyük potensialı var. O da cavandır. Məncə, həm Addai, həm də Kaşukun transferi “Qarabağ” üçün faydalı olacaq. Digər mövqelərə gəlincə, Qurban Qurbanov özü də deyib ki, həmişə axtarışları davam edirlər. Uyğun futbolçu olan kimi, həmin transfer üzərində işləyirlər”.
İsmayıl Bakuvi
www.yenicag.az