Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Qardaş Azərbaycanın hər bir uğuru bizi sevindirir”

Közhan Yazqan: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan inkişaf edərək Türk dünyasının və bölgənin parlayan ulduzu olub”

İyunun 2-də Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Bakı Atatürk Liseyinin 25 illiyi, həmçinin məzun günü ilə əlaqədar tədbir keçirilib. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən tədbirdə Ulu öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün, TDAV-ın qurucusu Turan Yazqanın, həmçinin şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri oxunub.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkili Qənirə Paşayeva, Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqan, Vəqfin yaradıcısı Turan Yazqanın xanımı Gülən Yazqan və Yazqanlar ailəsinin digər üzvləri, TDAV-ın baş direktoru Səadət Pınar Yıldırım və İdarə Heyətinin təmsilçiləri, həmçinin, başqa qonaqların iştirak etdiyi bayram tədbirində ötən 25 illik fəaliyyət dövründən ətraflı bəhs edilib.

Mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 25 illik zaman kəsiyində Bakı Atatürk Liseyinin vətəninə bağlı, tarixini bilən, “Bir millət, iki dövlət” fəlsəfəsinə sadiq, cəmiyyət üçün savadlı, ağıllı gənclər yetişdirdiyini vurğulayıb. “Gələcəyimizə baxarkən, bizi ümidləndirən işarələr var. Bakı Atatürk Liseyi bu işarələrdən biridir”, – deyən səfir əmin olduğunu bildirib ki, Azərbaycanı da, Türk dünyasını da gələcəyə aparan bu liseyin məzunları olacaq.

Öz növbəsində mərasimdən sonra qəzetimizə müsahibə verən TDAV başqanı Közhan Yazqan Bakı Atatürk Liseyinə hər zaman böyük dəyər verildiyini, budəfəki məzun gününün isə xüsusi olaraq fərqləndiyini deyib:

– Biz Bakı Atatürk Liseyinin məzun günü ilə bağlı mərasimlərə hər zaman çox önəm veririk, bu mərasimlərdə iştirak edirik. Bu ənənənin əsasını rəhmətlik Turan Yazqan hocamız qoyub və bizlər də böyük zövqlə davam etdiririk. O ki qaldı budəfəki tədbirə, bilirsiniz ki, Bakı Atatürk Liseyinin yaranmasının 25-ci ildönümüdür. Buna görə də istər Gülən xanımın, istərsə də Vəqfimizin İdarə Heyətinin təmsilçilərinin bu bayram mərasimində iştirak etmələrini arzu etdik və böyük bir heyətlə Bakıya gəldik.

– 25 yaşı tamam olan Bakı Atatürk Liseyinin Türk dünyasında yeri necə görünür?

– İlk olaraq onu deyim ki, 25 yaşlı liseyimizin xüsusi bir özəlliyi var. Belə ki, Turan Yazqan hocamız türkdilli xalqlar arasında əlaqələri inkişaf etdirmək, mədəni və iqtisadi inteqrasiyaya nail olmaq məqsədi ilə 1992-ci ildən etibarən fərqli türk dövlətlərində məktəblər açmağa başladı və Bakı Atatürk Liseyi Türkiyə Cümhuriyyəti istisna olaraq, Vəqfimizin türk coğrafiyasında açılan ilk məktəbidir. Ötən 25 il ərzində Bakı Atatürk Liseyi ilə yanaşı, Türkiyədən Azərbaycana digər məktəblər də gəldi. Lakin təəssüflər olsun ki, dövlət xəttindən kənar gələn təhsil müəssisələri burada xoş niyyətlə fəaliyyət göstərmədilər. Bakı Atatürk Liseyi isə ötən 25 il ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi və bundan sonra da gəlməyə, milli düşüncəli, ölkəsinə, xalqına, Türk dünyasına yararlı gəncləri yetişdirməyə davam edəcək. Mən fürsətdən istifadə edib liseyimizin müəllim və şagird kollektivini təbrik edirəm. Şagirdlərimizə arzum budur ki, Vətəninə, xalqına, bayrağına, Türk dünyasına, “Bir millət, iki dövlət” fəlsəfəsinə sadiq bir əsgər kimi hər zaman ön sırada olsunlar. Azərbaycan-Türkiyə qardaşlığının əbədiyyətə qədər yürüməsi işində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün Türk dünyasının gələcək idarəçiləri kimi güclü biliyə, savada sahib olsunlar.

– Vəqf olaraq gələcək üçün hansı planlarınız var?

– Planımızda dildə, fikirdə, işdə birlik yolunda dayanmadan çalışmaq var. Dahi Mustafa Kamal Atatürkün dediyi “türk birliyini görür, ona inanıram” sözünü əldə rəhbər tutan Turan Yazqan hocamız bizə belə vəsiyyət etmişdi: “Hər bir türk gənci, türk uşağı bu birliyi görənə qədər mübarizəni davam etdirəcəyik”. Biz də o vəsiyyətə əməl edərək bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Azərbaycandakı fəaliyyətimizə gəlincə, düşünürük ki, imkanlarımız olduqca Türk dünyasının bu günü və gələcəyi, Türkiyə-Azərbaycan qardaşlığının daha da güclənməsi üçün fəaliyyət göstərən Bakı Atatürk Liseyi kimi məktəblərin sayının artırılmasının çox böyük faydası var. Çünki yaxın keçmişin acı təcrübəsi göstərir ki, FETÖ tipli təhlükəli qurumların təsiri altında olanlar imkan düşən kimi təhsil sahəsinə də nüfuz etməyə çalışırlar.

– Azərbaycana budəfəki səfərinizdən hansı təəssüratlarla dönürsünüz?

– Qeyd edim ki, Azərbaycana hər dəfə gələndə burada daha bir yeniliyin şahidi oluruq. Eyni zamanda, burada reallaşdırılan siyasəti, keçirilən beynəlxalq tədbirləri yaxından izləyirik və qardaş Azərbaycanın hər bir uğuru bizi sevindirir. Bu uğurların təməlində məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası dayanır. Yəni Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan inkişaf edərək Türk dünyasının və bölgənin parlayan ulduzu olub.(yeniazerbaycan.com)

Yenicag.az

www.yenicag.az

453