Qazaxıstanda işçilər 4 gündür tətil edirlər.
Yenicag.az “Azattık Radiosu”na istinadla xəbər verir ki, Qazaxıstanın cənub-qərbində Mangistauda yerləşən West Oil Software neft xidməti şirkətinin işçilərinin tətili 4-cü gündür davam edir.
“Tətil edənlərə təzyiq artıb. Dekabrın 13-nə keçən gecə yeddi nəfərin işdən çıxarılması barədə əmr verilib”, – deyə “Azattık Radiosu” yazıb.
Məlum olub ki, dekabrın 13-nə keçən gecə şirkət 7 işçini işdən çıxarıb. İşçilər problem həll olunana qədər oranı tərk etməyəcəklərini deyirlər. Yayımlanan videoda onlar Qazaxıstanın himnini oxuyurlar.
Bu şirkətin 500 işçisinin tətili dekabrın 11-də başlayıb. Etirazçılar onların “KazMunayQaz” milli şirkətində işə götürülməsini, onlara vahid əmək haqqı sisteminin tətbiq edilməsini, maddi-texniki bazanın yenilənməsini tələb edirlər.
Həmin gün məhkəmə tətili qanunsuz elan edib. Energetika naziri işçilərin tələblərinin yerinə yetirilməsini qeyri-mümkün adlandırıb.
Etirazçılar Mangistaudakı digər şirkətlərin işçiləri tərəfindən dəstəklənib. Onlar prezident Kasım-Jomart Tokayevə əmək mübahisələrinə görə işçilərə təzyiq hallarına son qoyulması tələbi göndəriblər.
Xuraman Etibarlı
www.yenicag.az