Qərb “Əl Qaidə”ni bitirib, İŞİD-i yüksəldir – Şok iddia
ABŞ İŞİD-i gücləndirir, “Əl-Qaidə”ni bitirmək istəyir. Yenicag.az xəbər verir ki, bu barədə Misirin “Əl Yavm” qəzeti yazıb. Nüfuzlu ərəb qəzetinin iddiasına görə, İŞİD-ə qarşı mübarizə planlı aparılır və müəyyən bir mərhələdən sonra dayanacaq.
Qəzetin iddiasına görə, 11 sentyabr 2011-ci ildən sonra “Əl Qaidə”ni bitirmək istəyən ABŞ və müttəfiqləri buna müvəffəq ola bilməməklə yanaşı Əfqanıstanda döyüşən qrup dünyaya yayıldı və nəticədə “Əl Qaid” təşkilat formasından ideologiyaya çevrildi: “ “Əl Qaidə” ilə İŞİD arasında fərq budur ki, birinci xristian dövlətlərini hədəf seçib. Parisdə yaşanan son jurnala basqın olayı da buna bariz nümunədir. “Əl Qaidə” terror təşkilatı olsa da, müsəlman ölkələrində partlayış etməyin, müsəlmanların öldürülməsinin əleyhinədir və bir yerdə dövlətləşməyin əleyhinədir. İŞİD-lə fərq də budur. İŞİD dövlət qurmağa çalışır və buna qarşı çıxan müsəlmanları öldürür. Statistikaya baxarsaq, İŞİD-in öldürdüklərinin 99 faizi müsəlmandır və qərb dövlətlərində heç bir əməliyyat keçirməyib. Hətta Suriyanın qonşuluğunda Fələstində İsrailin etdiklərinə reaksiya belə verməyib”.
Ərəb ekspertlərinin fikrincə, İŞİD proyekti “münafiqlərlə savaş” adı altında Orta Şərqdə bir problem kimi ortaya çıxarılıb. Yəni, müsəlman ölkələrlə savaşacaq, onların diqqətini özünə çəkəcək bir təşkilat. Koalisiya qüvvələri də İŞİD-i lazım olan nöqtəyə gələnə qədər qovduqdan sonra dayanacaqlar və Bağdadiyə vəd olunan ərazilərdə “dövlət” kimi təşkilatlanmasına şərait yaradılacaq. Dünyanın digər ölkələrində isə “Əl Qaidə”nin yerinə İŞİD-in təbliğatına üstünlük verilərək, ikincinin sıradan çıxarılmasına çalışılır və bu plan davam edəcək. Nəticə etibarı ilə “Əl Qaidə” Qərb üçün təhlükəli olduğundan onlara zərərsiz olan İŞİD-in ulduzu parladılacaq.
O da vurğulanır ki, vəziyyətin fərqində olan “Əl Qaidə” İŞİD-ə qoşulan simpatizanlarını oradan çəkməyə çalışır. Bu təşkilatın İraq qolu olaraq fəaliyyətə başlayan İŞİD-də hələ də xeyli sayda “Əl Qaidə” simpatizanı olduğuna diqqət çəkilir. Elə İŞİD-in son dövrlərdə komandirlərini edam etməsinin arxasında da bu gerçək dayanır.
Qeyd edək ki, İŞİD ən son bir neçə azərbaycanlı komandirini də edam edib. Onların da “Əl Qaidə” simpatizanı olduğu və Bağdadinin siyasətinə qarşı çıxdıqları vurğulanır.
Yenicag.az