!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərb mətbuatında Putinin səfəri ilə bağlı böyük REZONANS – Rusiya prezidenti Monqolustanda niyə həbs edilmədi?

!Reklam – Yazi

“Son vaxtlar Kreml üçün prezident Vladimir Putinin izolyasiyada olmadığını sübut edən görüntüləri yaratmaq vacib idi”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Siyasi şərhçi Rusiya prezidenti Vladimir Putinin sürpriz Monqolustan səfərindən, habelə bu ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya etməsindən söz açıb.

E. Xalidbəyli diqqətə çatdırıb ki, bir müddət öncə Putin Bakıya gəldi və bununla da göstərdi ki, o, Belarusdan başqa digər ölkələrə də səfər edə bilər:

“Eyni zamanda, onun Monqolustana getməsi də olduqca böyük əhəmiyyət daşıyır. Çünki orada da təxminən eyni situasiyadır və Kremldən belə mesaj verirlər ki, prezident Putin dünya ölkələri və onların liderləri ilə ünsiyyətdədir. Eləcə də Qərb liderləri ilə kontaktlar qurulmasa belə, Rusiya üçün mövcud situasiya elə də pis deyil, çünki Moskvanın əsas fəaliyyəti Şərqə doğru inkişaf edir”.

“O ki qaldı Rusiya liderinin həbsi məsələsinə, təxminən buna bənzər situasiya Ermənistanla da müşahidə olunmuşdu. Lakin İrəvan, sadəcə, xahiş etmişdi ki, Rusiya Ermənistanı çətin vəziyyətdə qoymasın. Çünki Ermənistan Roma statutunu yenicə təsdiqləmişdi və İrəvanda belə bir səfəri arzulamırdılar.

Monqolustana gəldikdə isə bu ölkə Rusiya ilə qonşu, münasibətləri kifayət qədər inkişaf etmiş, eyni zamanda, iqtisadi-ticari maraqları olan bir ölkədir. Eləcə də Putinin siyasi qüruruna toxunan hər hansı bir addım orada atıla bilməzdi. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, hər hansı bir səfər hazırlanarkən onun bütün detalları araşdırılır. Çox güman ki, Putinin Ulan-Bator səfərindən öncə bütün bu məqamlar nəzərə alınıb və tam qarantiya verilib ki, ona qarşı hər hansı bir hörmətsizlik və yaxud da Rusiya üçün problem yaradacaq addımlar atılmayacaq”, – deyə o, əlavə edib.

Politoloq əlavə edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı aldığı bu qərara görə Monqolustan Rusiya ilə müharibə etmək addımına getməz:

“Çünki əgər Putin Monqolustanda həbs olunarsa, bu, o deməkdir ki, Rusiya mütləq bu ölkəyə qarşı müharibəyə başlamalı olacaq. Monqolustanın da Rusiya ilə müharibə etmək istəməsi real görünmür. Eləcə də gözlənilmirdi ki, Putin Ulan-Batorda həbs olunub Qərbə ekstradisiya ediləcək. Bütün bunlar isə Qərbin avantürasından başqa bir şey deyil. Buna yalnız Ukraynada ümid bəsləyirdilər. Monqolustana da müraciət etmişdilər ki, həmin qərar icra olunsun və Putin bu ölkədə həbs olunsun. Təbii ki, sadəlövh olmayan insanlar bunun baş mümkün olmayacağını da çox gözəl anlayırlar”.

Xatırladaq ki, rəsmi Ulan-Batorun Roma statutunu ratifikasiya etməsinə baxmayaraq, Kreml rəhbərinin bu ölkəyə səfər etməsi və orada həbs edilməməsi Qərb mətbuatı tərəfindən böyük rezonansa səbəb olub. Analitiklərin fikrincə, V. Putin bu səfəri ilə Qərbə onun əsla həbs edilməyəcəyi ilə bağlı böyük bir mesaj verib.

Rafi Müslümov

COP29

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv