“Gürcüstanda aksiyalar davam edir, vəziyyət kifayət qədər gərgindir. Parlament seçkilərindən sonra belə durumun yaranacağı, əslində, gözlənilən idi. Hətta Gürcüstanın Baş naziri İrakli Kobaxidze son aksiyalar barədə danışarkən məsuliyyətin Avropa siyasətçiləri ilə yerli agentlərin üzərində olduğunu qeyd edib”.
Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi ekspert Kənan Novruz deyib.
Onun sözlərinə görə, Qərb parlament seçkilərində nə qədər çalışsa da, proseslərə müdaxilə edə bilmir:
“Hakim “Gürcü arzusu” partiyası yekdil səslə qalibiyyətə doğru irəliləyir. Bu həm də Rusiyanın Qərb üzərindəki qələbəsidir. Əslində, indi baş verən hadisələri təkcə daxili siyasi rəqabətin təzahürü kimi qiymətləndirmək olmaz. Bu, həm də Qərblə Rusiyanın mübarizəsidir. Görünür ki, parlament seçkilərində Rusiyaya uduzan Qərb indi bütün imkanları ilə özünə yaxın siyasətçini hakimiyyətə gətirmək istəyir. ABŞ və Fransa kimi dövlətlər, beləliklə, Gürcüstanın timsalında “oyuncaq dövlət” yaratmaq niyyətindədirlər. Məqsəd, sözsüz ki, həm də Cənubi Qafqaza müdaxilə etməkdir”.
Ekspert Tbilisini Qərb və ABŞ-nin maraqlarını həyata keçirə biləcək bir oyunçu hesab edir:
“Ermənistandakı mövcud hakimiyyət hər nə qədər Qərbmeylli olsa da, Rusiyanın təsirindən tam çıxa bilmir və ya bunu istəmir. ABŞ və Fransaya isə tamamilə onun siyasətini müdafiə edəcək oyunçu lazımdır. Ona görə də sonuncu ümid yeri kimi rəsmi Tbilisini görürlər. Lakin ölkədəki aksiyaların və Qərbin proseslərə müdaxiləsinin nəticə verəcəyini düşünmürəm. Yenə də hakim partiya qalib gələcək. Avropa İttifaqına (Aİ) üzvlük isə hələlik baş tutmayacaq. Nəzərə almaq lazımdır ki, Rusiya Gürcüstanın qonşu dövlətidir. Moskvanın rəsmi Tbilisiyə kifayət qədər təsir imkanı var. Həmçinin Gürcüstanın Rusiya ilə ərazi mübahisəsi də mövcuddur. Belə ki, Cənubi Osetiya və Abxaziya işğal altındadır. Bu problemin həlli üçün diplomatik yol daha məqsədəuyğundur. Üstəlik, Avropa İttifaqı Şərqi Avropa və Yaxın Şərq siyasəti ilə bütün dünyada biabır olur. Zənnimcə, gürcü xalqı bütün bunları nəzərə alacaq”.
“Yəqin ki, Gürcüstan onlara böyük ümidlər verilən Ermənistan və Ukraynanın taleyindən dərs çıxaracaq. Əks halda, gələcəkdə Gürcüstan da adıçəkilən dövlətlərin taleyini yaşaya bilər. Beləliklə, prezident seçkilərində də Rusiyanın istədiyi adamın seçiləcəyi gözləniləndir. Bu isə öz növbəsində Cənubi Qafqazdakı proseslərə, o cümlədən Ermənistan-Azərbaycan normallaşmasına da təsir edəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltanov
www.yenicag.az