!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Qeyri-rəsmi nikahda yaşayırdılar, atam öləndən sonra evimizi almaq istəyir”

!Reklam – Yazi

Gəncə sakini, 1987-ci il təvəllüdlü Alik Rzayev atası ilə qeyri-rəsmi nikahda yaşamış qadının ailəyə məxsus evi ələ keçirmək istədiyini bildirir.

“Qafqazinfo”ya müraciət edən A.Rzayev atası Mədəd Rzayevin həmin qadınla rəsmi nikahının olmadığını, sənədlərin saxtalaşdırıldığını iddia edir.

O, bacısı və özünə məxsus olan evin qeyri-qanuni şəkildə Qətibə Ağayeva tərəfindən ələ keçirilməsi haqda iddia qaldıraraq məhkəməyə müraciət edib:“2019-cu ildə atam Mədəd Rzayev Ağayeva Qətibə Ənvər qızı ilə Gəncə şəhərindəki evimizdə (Əziz Əliyev küçəsi 32) birgə yaşamağa başlayıb. Lakin onların arasında rəsmi nikah yox idi. Bir müddət sonra onunla atam arasında mülkiyyət üstündə mübahisələr oldu və münasibətləri pozuldu. Atam həmin qadınla birgə yaşamaqdan imtina etdi və Bakıya – bizim yanımıza gəldi. Həmin vaxt Qətibənin saxta nikah sənədi düzəltdiyini və evi ələ keçirmək istədiyini bildirdi. Baş verənlərə ürəyi dözməyən atam bundan bir neçə gün sonra ürəktutmadan qəfil vəfat etdi”.

Şikayətçinin sözlərinə görə, atasının yas mərasimindən sonra Q.Ağayeva evi tərk edib: “Lakin bir neçə gün sonra, yəni 3 noyabr 2022-ci il tarixdə notariusa müraciət edərək atamın mirasını qəbul etməsi barədə ərizə verib. Bundan sonra biz hüquqi müstəvidə məsələni həll etməyə çalışdıq və vəkil tutduq. Vəkil sorğusu əsasında məlum oldu ki, atam və Qətibə Gəncə şəhərində qeydiyyatda olmalarına baxmayaraq, nikaha daxil olmaq üçün tibbi arayışı Göygöl Rayon Mərkəzi Xəstəxanasından “əldə ediblər”. Bundan sonra polisə müraciət etdik, çünki sənədlərin saxtalaşdırıldığını bilirdik. Göygöl RPŞ-də bacımla birgə müraciətimizdən sonra müəyyən edildi ki, xəstəxana tərəfindən Gəncə şəhər sakinlərinə 2019-cu ildə nikaha daxil olmaq üçün verilmiş saxta tibbi arayış əsasında, nə hikmətirsə, Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən nikah şəhadətnaməsi verilib. Lakin nikaha daxil olmaq üçün verilmiş tibbi arayış Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkimləri tərəfindən imzalanmayıb. Bununla bağlı arxiv sənədlərində də heç bir qeydiyyat yoxdur. Hətta hər iki şəxsin adına verildiyi iddia edilən 2365 və 2366 saylı tibbi arayışların başqa şəxslərə aid olması da ortaya çıxdı”.

Alik Rzayevin iddiasına əsasən, Qətibə Ağayeva tibb işçisidir və tanışları vasitəsilə asanlıqla saxta sənəd əldə edib: “Biz məsələ ilə bağlı Gəncə Şəhər Məhkəməsinə müraciət etdik. Birinci instansiya məhkəməsi sənədlərin saxta olmasına dair ekspertiza rəyini əsas götürərək və bizim mülkiyyət hüququmuzu tanıyaraq lehimizə qərar verdi. Lakin Ağayevanın Gəncə Apellyasiya Məhkəməsinə müraciətindən sonra məhkəmə onun lehinə qərar verdi və bizim məsələni mübahisələndirə bilməyəcəyimiz qənaətinə gəldi”.

Şikayətçi hazırda məsələ ilə bağlı Ali Məhkəməyə müraciət etdiklərini əlavə edib: “Tibbi arayışın saxta olması sübut olunsa da, Göygöl Rayon Qeydiyyat şöbəsinin müdiri saxta sənəd əsasında nikaha daxil olmuş şəxsin mövqeyini müdafiə edir, məhkəmələrə Qətibə Ağayevanı müdafiə xarakterli məktublar yazır. Qanunvericiliyin tələbinə əsasən, fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilibsə, mötəbər hesab olunmur. Lakin qeydiyyat şöbəsi nədənsə hüquqları pozulmuş Rzayeva Albina Mədəd qızının və Rzayev Alik Mədəd oğlunun iddiasına qarşı çıxır. Göygöl Rayon Polis Şöbəsi də sənədin saxtalığını sübut etsə də, onun kim tərəfindən saxtalaşdırıldığını cinayət təqibi ilə müəyyənləşdirmək və cinayət məsuliyyətinə cəlb etmək istəmir. Halbuki həmin şəxslər Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən, məsuliyyət daşıyır. Qətibə Ağayeva tanışları və vəzifəli şəxslər vasitəsilə hüquqlarımızı tapdalamağa davam edir. Bundan başqa, həmin qadın 2 dəfə polisə məlumat verib ki, guya biz onu ölümlə hədələmişik və qəsdən həyatdan məhrum etmək istəyirik. Lakin polisdə aparılan araşdırmalardan sonra bunun həqiqətə uyğun olmaması sübuta yetirildi və Ağayeva xuliqanlıq maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edildi. 3-cü dəfə bizi şərlədikdə prokurorluğa müraciət etdik və onun Cinayət Məcəlləinin 296-cı (Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə) maddəsi üzrə cəzalandırılmasını tələb etdik”.

Şikayətçi aidiyyəti dövlət qurumlarının məsələyə obyektiv yanaşmasını və hüquqi qiymət vermələrini xahiş edib.

Mövzu ilə bağlı Qətibə Ağayeva ilə əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında apellyasiya instansiyasında qalib gəldiyini bildirdi və qanunvericiliyin onun tərəfində olduğunu qeyd etdi: “Mən mərhum Mədəd Rzayevin qanuni nikahlı həyat yoldaşı olmuşam. Onlar (mərhumun övladlarını nəzərdə tutur) çox süründürməçilik edir, mənim mülkiyyət hüququmu tanımaq istəmir. İndi də Ali Məhkəməyə müraciət ediblər, lakin bütün sənədlər, qanunlar mənim tərəfimdədir”.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, sözügedən məsələ ilə bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb: “Daha sonra məsələyə hüquqi qiymət verilməsi üçün Göygöl Rayon Prokurorluğuna göndərilib. Hazırda prokurorluqda araşdırmalar davam etdirilir”.

 

 


www.yenicag.az

212
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv