QHT-nin idarə heyətinin iclası keçirilib
Müzakirələrin sonunda təşkilatın fəaliyyət proqramı və 2015-ci il üçün iş planı təsdiq olunub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanada “İnkişaf və Dünya” İctimai Birliyi idarə heyətinin iclası keçirilib.
İclasda 2015-ci il üçün iş planının təsdiqi, keçiriləcək tədbirlər, Birliyin “facebook” səhifəsinin yaradılması və digər məsələlər müzakirə olunub.
Tədbiri Birliyin sədri Namazəli Mustafayev açaraq gündəlikdəki məsələləri idarə heyətinin diqqətinə çatdırıb. Bildirib ki, hər il təşkilat bir sıra təşəbbüsləri həyata keçirir. Bu il də iş planına uyğun olaraq Birlik istedadlı uşaq rəssamların Azərbaycan xalq nağıllarına həsr olunmuş silsilə rəsmləri toplusunun əsasında ingilis dilində kitab nəşr etdirmək niyyətindədir. Bundan başqa Birlik növbəti illərdə Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə yeni bir layihənin icrasına başlamağı da nəzərdə tutub.
Tədbirdə idarə heyətinin üzvləri çıxış edərək, təşkilatın iş planına dair fikir və təkliflərini bildiriblər. Müzakirələrin sonunda təşkilatın fəaliyyət proqramı və 2015-ci il üçün iş planı təsdiq olunub.
İclasın sonunda təşkilatın fəaliyyəti ilə bağlı perspektiv imkanların müəyyənləşdirilməsi və cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.