Fransada etiraz aksiyaları səngimək bilmir
Son məlumatlara əsasən, Fransada ötən gün baş verən etiraz aksiyalarında təxminən 140 min insan iştirak edib. Müstəqil müşahidəçilərin sözlərinə görə, etirazçıların sayı günbəgün artır.
Əgər Fransa KİV-lərinin xəbər lentinə nəzər salsaq, baş verənlərin aydın mənzərəsini görə bilərik. DİN-in məlumatına əsasən, aksiyalarda bütün Fransa üzrə 139 mindən çox insan iştirak edib. Təkcə Paris küçələrinə 15 min insan çıxıb.
Xatırladaq ki, dünən Fransanın şəhər və qəsəbələrində 180 müxtəlif mitinq keçirilib. Bu etiraz aksiyaları Həmkarlar İttifaqı tərəfindən təşkil olunub və hakimiyyət tərəfindən təklif olunan dövlət qulluqçularının statusuna dair islahatlarına qarşı yönəlib. Hakimiyyət ciddi cəhdlə bu aksiyaların nəzarətdən çıxmamasına, marqinal qruplaşmaların – milliyyətçilərin, miqrantların nəzarətdə saxlanılmasına çalışır. İndi hakimiyyətin başlıca qorxusu ondan ibarətdir ki, Fransanın ABŞ, Britaniya və İsrail kimi nəhənglərlə maraqlarının toqquşduğu Yaxın Şərqdəki amansız geosiyasi çaxnaşmalar fonunda ölkədə daxilisiyasi vəziyyət tamamilə məhz ola bilər.
Bütün bunlar “13-cü rayon” filmini xatırladır. 2004-cü ildə çəkilən,rejissoru Pyer Morel, ssenari müəllifi Lyuk Besson olan bu bədii film daha çox B13 adı ilə məşhurdur.
Filmdə 2010-cu ilin Parisi təsvir olunur. Cinayətin hökm sürməsi ucbatından Fransa paytaxtının bəzi təhlükəli rayonları bağlı zonalara çevrilib və daha normal və daha az təhlükəli olan kvartallardan beton divarlarla ayrılıb. Bu divarın digər tərəfində tamamilə başqa dünya yer alır: narkotik və silah ticarəti çiçəklənir, uşaqlar belə silahsız evdən bayıra çıxmır, burada məktəb və poliklinikalar çoxdandır ki, işləmir. Burada polis qanunun müdafiəsində dayanmır, sadəcə özünü qoruyur və ya hətta qanunsuzluğu dəstəkləyir. Deyə bilərik ki, bu sadəcə bir filmdir, ssenaristin və rejissorun təxəyyülüdür. Lakin unutmayaq ki, Nyu-Yorkda əkiz qüllələrin vurulması, Trampın prezident seçilməsi həmin hadisələrin baş verməsindən illər öncə müxtəlif film və cizgifilmlərində öz əksini tapmışdı. 2004-cü ildə lentə alınan filmdə tamaşaçılara göstərilir ki, Paris müxtəlif dini, milliyəti və irqi olan insanların yaşadığı yerə çevrilir. Urbanizasiya, miqrasiya, xalqların köçürülməsi, demoqrafiq proseslər göstərir ki, bu səhnələr yaxın gələcəkdə reallaşa bilər.
İndi 2018-ci ildə Fransa paytaxtında yürüyüşlər solradikallar və anarxistlərin iştirakı ilə sərt iğtişaşlarla müşahidə olunur. Həmkar İttifaqının etirazından öncə aqressiv meyilli, bütünlüklə qara geyimdə olan və üzləri qapalı təxminən 200 gənc Bastiliya meydanına qədər yürüş etdi. Burada onlar mağaza vitrinlərini, avtobus dayanacaqlarını qırdılar. Polis su təzyiqindən, göz yaşardıcı qazdan və səs qumbaralarından istifadə etdi. Hadisələrdə iştirak edən 20 nəfər saxlanıldı. Bütün bunlar ən kritik anda, ABŞ-ın İrana təzyiqini artırdığı, Suriyada müharibənin uzandığı və regionda güclər balansının pozulduğu zamanda baş verdi. Hazırda Paris və Berlin muxtar geosiyasi güc kimi çıxış edirlər və regiona öz siyasətlərini gətirirlər. Almanlar və fransızlar Tehranı ələ vermək fikrində deyillər, əksinə İran rejiminə maliyyə yardımı ayırmağa hazırdırlar. Digər tərəfdən Rusiyanın Türkiyə və İranla əməkdaşlıq vasitəsilə Yaxın Şərqdəki proseslərdə rolu güclənir. Britaniya Türkiyəni özünə tərəf çəkməyə çalışır, Avropa İttifaqı isə əksinə Almaniya və Fransanın da başçılığı ilə Avropa, İraq və Suriyada açıq-aşkar PKK-nı dəstəkləməklə Ankaraya təzyiq edir. Fransa legionu hazırda İraq və Suriya sərhədində PYD/YPG terrorçularını himayəsinə götürüb.
İşlər o qədər qarışıqdır ki, bütün dünya üzrə yüzlərlə qaynar nöqtə və lokal münaqişələr meydana gəlib. Əgər Fransa vəziyyəti nəzarətə götürə və Həmkarlar İttifaqını sakitləşdirə bilməsə, ABŞ və Britaniyada da kütləvi etirazları gözləmək olar. Polis tərəfindən ABŞ-da hansısa qaradərilinin güllələnməsi və irqi müstəvidə kütləvi iğtişaşlar bütün ABŞ-ı əhata edəcək.
Yenicag.az Analitik Qrup
www.yenicag.az