!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qonşuda İNQİLAB ƏSİNTİSİ – “Qərbin məqsədi Gürcüstanı Rusiyaya qarşı istifadə etməkdir”

!Reklam – Yazi

“Gürcüstanda parlament seçkiləri gürcülər üçün taleyüklü məsələdir. Ona görə ki, Gürcüstanda parlament idarəçiliyidir və seçkilər də təkcə parlament yerləri uğrunda getmir. Bu seçkilər həm də ölkənin qarşıdakı dövrdə siyasi xəttini, xarici siyasətdəki prioritetlərini müəyyənləşdirəcək yolun seçilməsi uğrunda gedir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Yalçın Hacızadə deyib.

Analitik qonşu Gürcüstanda davam edən etiraz aksiyalarının motivlərini şərh edib.

Onun sözlərinə görə, Gürcüstanda baş verən etirazlar elə seçki öncəsi proseslərdən görünürdü:

“Əslində, gərginlik “Xarici agentlər haqqında” qanunun qəbulundan başladı və bu qanunun qəbul olmasına Qərb ölkələrindən etirazlar gəldi. Qərbin marağı Gürcüstana təsir edəcək imkanların əlində çıxmamasıdır. Çünki Gürcüstan Qərbin Orta Asiya və Azərbaycanla bağlı planlarının və qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi üçün mərkəz kimi çıxış edirdi. Gürcüstan kimi ölkələrdə təsirini saxlamaq üçün Qərb qeyri-hökumət təşkilatlarını, fondları və medianı maliyyələşdirməklə “paralel hökumət” formalaşdıra bilirdi. Qanunun qəbulu ilə bütün bunların qarşısı alındı”.

Y. Hacızadənin dediyinə görə, eyni zamanda, Gürcüstanın yerləşdiyi mövqe də çox önəmlidir:

“Quru yol və Qara dənizi vasitəsilə Çinin, Orta Asiya ölkələrinin və Azərbaycanın Avropaya çıxış qapısıdır. Bütün bunları nəzərə alanda, Qərbin belə bir planları olacağı bəlli idi. Sadəcə olaraq, Baş nazir İrakli Kobaxidzenin “Gürcüstan Avropa İttifaqına üzvlüyü müzakirələrini 2028-ci ilə qədər dondurur” açıqlaması Qərbin təxribatına düşmək idi və bu müxalif partiyalarına fürsət verdi ki, etirazlara başlasınlar. Hesab edirəm ki, Kobaxidzenin açıqlaması yersiz idi, çünki ondan əvvəl Avropa İttifaqı özü elan etmişdi ki, “biz Gürcüstanla üzvlük məsələsini dayandırırıq”.

Siyasi təhlilçi əlavə edib ki, Gürcüstandakı etirazçı xalq nümayəndələrinin əsas tələbi seçki ilə bağlı deyil, əksinə, yeni formalaşmış hakimiyyətin gələcək siyasi xətti ilə bağlıdır:

“Sadəcə olaraq, Qərbin təzyiqi və müxalifətin manipulyasiya etməsi elə təəssürat formalaşdırır ki, Gürcüstanda seçkilər saxtalaşdırılır, demokratiya boğulur və Rusiyapərəst siyasət yeridilir. Halbuki hazırda Gürcüstanın Rusiya ilə diplomatik əlaqələri belə yoxdur və Avropa Şurasının Gürcüstana Avropa İttifaqına üzvlüyü namizədi statusunun verilməsindən keçən bir il müddətində də rəsmi Tbilisi Moskva ilə əlaqələrin qurulmasına cəhd etməyib”.

Ekspert onu da söyləyib ki, Qərbin məqsədi Gürcüstanı Rusiyaya qarşı istifadə etmək və Gürcüstan xalqının milli-mədəni, etnik dəyərlərinə zidd layihələri həyata keçirməkdir:

“Haqlı olaraq da xalqın səsi ilə seçilmiş mövcud hakimiyyət bu planın baş tutmasına imkan verməmək istəyir. Yəni Gürcüstandakı etirazların səbəbi nə demokratiya, nədə ki seçkilərdir. Əksinə, bu, Qərbin planının, layihələrinin həyata keçirilməsinin qarşısını alınmasıdır.

Hesab edirəm ki, Gürcüstan hakimiyyəti Qərbin təzyiqlərinin və planlarının qarşısında dayanaraq, Rusiya ilə münaqişənin hansı nəticələrə gətirib çıxara biləcəyini, demokratikləşmək üçün Qərbin qeyri-milli, qeyri-əxlaqi, qeyri-etnik dəyərlərinin qəbul edilməsinə ehtiyacın olmadığını xalqına izah edərək etirazların sakitləşməsinə nail ola biləcək”.

Rafi Müslümov

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv