“Qurumlar susduqca, insanlar elə bilir ki, rəqəmsal dünyadakı pul qazanmaqla bağlı reklamlar ciddidir və buna inanırlar”.
Bu sözləri Yenicag.az-a açıqlamasında rəqəmsal dünyada maliyyə fırıdaqçılığı və bunun verəcəyi ziyanı dəyərləndirən sabiq maliyyə naziri, iqtisadçı Saleh Məmmədov deyib.
Saleh Məmmədovun sözlərinə görə, rəqəmsal dünyadakı maliyyə fırıdaqçılığı hakimiyyəti də çətin vəziyyətə qoyacaq.
“Virtual dünyada saxtakarlıq çox geniş yayılıb. Rəqəmsallaşanda korrupsiyanın qarşısı çox ciddi alınır, ancaq ölkədə kütləvi rəqəmsal savadsızlıq hökm sürür və bundan da istifadə edirlər. Kapital bank, Paşa bank, Beynəlxalq bank, SOCAR adından reklamlar gedir. Utanmadan prezident İlham Əliyevin səsi ilə saxtakarlıq edirlər. Səsi elə gözəl düzəldirlər ki, camaat da inanır. Bu işləri bilənlər inanmır, ancaq sadə camaat buna inana bilir. Sabah bunun üstü açılanda camaat hökumətin üstünə gələcək. Bu dövlət üçün də, hakimiyyət üçün də, əhali üçün də çox zərərli şeydir. Bu saxtakarlıqdır, oğurluqdur. Uzun müddətdir ki, bu davam edir”, – deyə o bildirib.
İqtisadçı dəfələrlə bu yöndə çıxışlar etdiyini deyib:
“Bu cür məsələlərlə bağlı ciddi tədbirlər görülməlidir. Qurumlar bunun üçün ciddi fəaliyyət göstərməlidir. Qurumlar susduqca, insanlar elə bilir ki, rəqəmsal dünyadakı pul qazanmaqla bağlı reklamlar ciddidir və buna inanırlar. Mətbuat və dövlət qurumları bu işdə fəal olmalıdır”.
Səxavət Məmməd
www.yenicag.az