Futbol üzrə Azərbaycan Premyer Liqasının 6-cı turunda evdə “Sumqayıt”ı 4:1 hesabıyla məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Yenicag.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
– Hesabın böyük olmasına baxmayaraq, ağır oyun oldu. Psixoloji cəhətdən də çətin idi. Hesabda geri düşsək də, ikinci hissədə hesabı öz xeyrimizə dəyişə bildik. Futbolçulardan razı qaldım. Bir-birinə uyğunlaşmaq üçün vaxt lazımdı. Samir Abasova gələn oyunlarda uğurlar arzulayıram.
– Qırmızı vərəqə alan Miçelə sərt etiraz etdiz…
– Hər oyundan öncə deyirəm ki, vərəqə alıb, komandanı pis vəziyyətdə qoymasınlar. Buna görə əsəbiləşdim.
– Hakim idarəçiliyindən razı qaldız?
– Düşünmürəm ki, əleyhimizə verilən qərarlar qərəzli idi. Həmişə demişəm, hakimlik ən çətin işdi. Meydanda 22 nəfəri idarə etmək asan deyil.
– Ramil Şeydayevin oynamamasının səbəbi nə idi?
– Heç bir səbəb yoxdu. Sadəcə, Ramil komandaya bir qədər gec qoşulub. Uyğunlaşma üçün vaxt lazımdı. Oyunun gedişatından da çox şey asılıdı. Əlimizdə 23 nəfərlik heyət var. Bu oyunçulardan hər birinə şans verə bilərik.
– “Roma” ilə oyun barədə düşünməyə başlamısız?
– Bəli, rəqibin bir neçə oyununa baxmışıq. Sabah oyunları var. Onu da izləməyə çalışacam. Artıq sözə ehtiyac yoxdu. Yaxşı komandadı. Qarşılarına çıxana 3-4 dənə vura-vura gedirlər (gülür).
– “Roma” ilə oyunda “Qarabağ”ı rekord sayda azarkeş dəstəkləyəcəyi gözlənilir…
– Heç vaxt istəmirəm ki, azarkeşlərimiz məyus olsun. “Roma” ilə oyunu səbrsizliklə gözləyirik. Azarkeşlərimizin dəstəyi bizə əlavə güc verəcək.
– “Sumqayıt”la oyundan sonra “Roma” ilə qarşılaşacaqsız. Aradakı səviyyə fərqini deməyə ehtiyac yoxdu. Bu, komandaya necə təsir edəcək?
– Çempionatımızın səviyyəsi bir qədər aşağı düşüb. İstəyərdik ki, rəqabət bir az da artıq olsun. Ancaq təəssüf ki, komandaların sayı da, rəqabət də aşağı düşüb. Nə qədər istəyirik ki, digər çempionatlara yaxınlaşaq, əksinə, geri düşürük. Çalışırıq ki, güclü komandalarla oyunlarda tempə dözə bilək. İnşallah, yaxşı olar.
– Pedro Enrike necə təsir bağışladı?
– Bu gün daha yaxşı idi. Ümid edirəm ki, oyundan oyuna daha da artıracaq.
– Pedro Enrike öz səviyyəsinə görə digər oyunçulardan kəskin fərqlənir. Düşünmürsüz ki, onun PAOK-da əsas heyətə düşməməsinə xarakteri səbəb olub?
– Heç vaxt düşünməmişəm ki, hansısa oyunçum digərlərindən bir baş üstündü. O ki qaldı PAOK-da əsas heyətə düşməməsinə, orda olanlar bizi maraqlandırmır. Pedro öz üzərində çalışan oyunçudu.
– Dino Ndlovunun səviyyəsi göz qabağındadı. Mahir Mədətov da get-gedə artırır. Sizcə, belə məqamda Ramil Şeydayev komandada şans qazana bilər?
– Ramil öz üzərində çox çalışır. Gələcəkdə onun xidmətinə də ehtiyacımız olacaq.
www.yenicag.az