!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rusiyalı ekspert hansı məqsədi güdür? – “Son açıqlamalarını qeyri-ciddi sayıram”

!Reklam – Yazi

“Ümumiyyətlə, rusiyalı ekspertlərin son açıqlamalarını qeyri-ciddi sayıram. Ona görə ki, onların Qərblə müəyyən konfrontasiyası var və bundan istifadə edərək, bu fikirləri səsləndirirlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

 

O, təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylovun “Ermənistan Cənubi Qafqazı yenidən silkələmək istəyir və Azərbaycan buna hazır olmalıdır” açıqlamasına münasibət bildirib.

Polkovnikə görə, bu gün Ermənistanın hər hansı bir müharibə aparmaq imkanı yoxdur:

“Sadəcə olaraq, Yevgeni Mixaylov Azərbaycana xoş gəlmək üçün belə fikirləri səsləndirib. Eyni sözləri Sergey Markov, İqor Korotçenko da söyləyiblər. Yaxşı olardı ki, Mixaylov öz ölkəsinin xarici işlər nazirinin açıqlamasına münasibət bildirəydi. Çünki Sergey Lavrov dünənki açıqlamasında bəyan edib ki, “Qarabağ problemi hələ də öz həllini tapmayıb”. Azərbaycan Prezidenti bildirir ki, Qarabağ problemi həll olunub, ölkəmiz öz ərazi bütövlüyünü bərpa edib, amma rusiyalı nazir dünən verdiyi bəyanatda başqa bir şey danışır”.

Hərbi ekspert söyləyib ki, Qərb Ermənistana silah-sursat gətirirlərsə, bu, onların daxili işidir:

“Biz bəyanatlarımızda demişik ki, ABŞ və Fransa Ermənistanı silahlandıraraq, onu revanşist addımlara səsləyir. Dünən də göründü ki, qondarma “Artsax”la bağlı həm Ermənistanda, həm də xaricdə hansısa hoqqalar çıxardılar. Bu isə o deməkdir ki, bəzi ölkələr öz maraqlarını və narrativlərini yeritməyə çalışırlar. İndi Mixaylov durub deyir ki, Azərbaycan Ermənistanın silahlanmasına hazır olmalıdır. Başa düşmürəm, sən Azərbaycanın dərdini niyə çəkirsən ki? Sən, get, öz ordunun dərdini çək, ölkənin problemlərindən danış… Ruslar bizim bu məsələlərə olan meyllərimizi bilirlər deyə bu səpkili açıqlamalar verirlər. Dünənə qədər separatçılara dəstək verən ekspertlərdən biri Yevgeni Mixaylov idi. İndi də birdən-birə 180 dərəcə dəyişib, guya Azərbaycanın xeyrinə danışır”.

“Gəlin, biz belə şeylərdən uzaq olaq. Azərbaycan lazımi silahları alır, işlərini görür. Dünən Azərbaycanın müdafiə naziri Zakir Həsənov İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, eləcə də hərbi attaşesi ilə görüşüb. Yəni Azərbaycan yerində saymır və bizə görə narahat olmasınlar. Sadəcə, bu minvalla guya bizim qayğımızı çəkirlər. Biz bilirik ki, Ermənistan bu silahları kimə qarşı alır. Azərbaycan bununla bağlı işlərini görür, sadəcə, ruslar sakitləşmirlər. Mixaylovun təmsil olunduğu ölkənin hərbi-siyasi rəhbərliyi bu günə qədər “Qarabağ probleminin həlli” ifadəsini dilinə gətirmir. Vladimir Putin Bakıda olanda da bu barədə danışmadı. İndi də Lavrov deyir ki, Qarabağ problemi ətrafında düşünmək lazımdır. Çünki ruslar erməniləri Qarabağa qaytarmaq istəyirlər.

Mən rus ekspertlərinə əvvəl də inanmamışam, indi də inanmıram. Ona görə ki onlar qeyri-səmimidirlər. Çünki 30 illik işğal dövründə Ermənistanın tərəfini saxlayıblar, indi də Azərbaycan ərazi bütövlüyünü bərpa edib deyə bizə xoş gəlmək üçün bu cür bəyanatlar səsləndirirlər. Mənə elə gəlir ki, belə bəyanatlara heç ehtiyac belə yoxdur”, – o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv