Qazaxıstanın “Astana” klubu Avropa Liqasının pley-off mərhələsi çərçivəsində cavab matçına çıxıb.
Yenicag.az xəbər verir ki, “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçukun baş məşqçisi olduğu, Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeydanın formasını geyindiyi sözügedən klub doğma meydanda Kiprin APOEL komandası ilə qarşılaşıb.
Səfərdəki ilk oyunda minimal hesabla uduzmuş Qazaxıstan klubu cavab matçının əsas vaxtında qapısını toxunulmaz saxlayaraq 1 qol vurub. “Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike 16-cı dəqiqədə penaltidən fərqlənib.
İki görüşün nəticəsi eyni olduğu üçün əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. “Astana” məhz Almeyda və Enrikenin düzgün yerinə yetirdiyi penalti zərbələri ilə 2:1 hesabı ilə qalib gələrək Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.
Pedro bu görüşdə meydana start heyətdə çıxıb və sonadək oynayıbsa, Riçard 53-cü dəqiqədə döyüşə atılıb. O, 57-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
www.yenicag.az