“Salam verməyənlər, salamın mənasını bilmirlər…”
Son zamanlar cəmiyyətimizdə yeni bir problemin sürətlə inkişaf etdiyinin şahidi oluram.
Yəni, insanların bir-birinə salam verməmələrini kənardan görürəm.
Bunu Milli Məclisin (MM) deputatı Adil Əliyev qeyd edib.
“Doğrudur, bəlkə bu problemlə tək mən rastlaşıram… Salam verməyənlər qonşuluqda da var, iş yerində də var, restoranda da var, idmanda da var. Hətta, FB-da salamsız-sabahsız müraciət edənlər də var, özü də nə qədər istəyirsiniz…”, – deyə qeyd edən A.Əliyevin bildirdiyinə görə, yəqin salam verməyənlər, salamın mənasını bilmirlər.
O qeyd edib ki, salam tanışlığın yaşıl işığıdır.
“İki nəfər bir-biri ilə qarşılaşan, baxışları bir-birinə toxunan və gözləri bir-birinə sataşan zaman sədaqətin, məhəbbətin və qardaşlığın ilk əlaməti salam verməkdir…
Salam qarşı tərəfə onun sağlığını və xeyrini istəməyin barədə xatircəmlik verməkdir.
Salam verməklə qarşı tərəfə “mən sənin xeyrini istəyirəm, sənə zərər verən, kin saxlayan və düşmənin deyiləm” deyirsən.
Çünki “salam” sözünün əhatəsində bu sözlərin hamısı var.
Həmçinin salam iki müsəlmanın qarşılaşdığı zaman bir-birinə dedikləri islami şüardır.
Peyğəmbərimiz (s) buyurmuşdur ki, salamı kiçiklər böyüklərə, bir nəfər iki nəfərə, az saylı toplum çox saylıya, minikdə olan piyadaya, yoldan keçən dayanmış olana, ayaqüstə duran oturmuş şəxsə verməlidir…
Salam verən zaman uca səslə və aşkar bir sürətdə salam verin. Deməyin ki, salam verdim, lakin cavabımı vermədilər, mümkündür ki, salam vermisiniz, lakin onlar eşitməyiblər..
Bir də bilməliyik ki, salam vermək müstəhəb olduğu halda, cavabını vermək vacibdir…”, – deyə A.Əliyev sonda qeyd edib.