Bakıda Borçalı kəndləri arasında futbol çempionatı keçirilib.
Yenicag.az xəbər verir ki, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsinin kəndlərinin yarışdığı turnirə ötən ilin dekabr ayında start verilib. 20 komandanın mükafatlar uğrunda mübarizə apardığı yarış 2 ay davam edib. Fevralın 18-də keçirilən iki oyunla mükafatçıların adlarına aydınlıq gəlib.
Çempion finalda “Kirov Yunayted”ə qalib gələn “Sarallar United” komandası olub. “Ormeşən FK” üzərində qələbə qazanan “Kəpənəkçi FK” isə turniri üçüncü pillədə başa vurub.
Mükafatçılara kubok, diplom və medallar, eyni zamanda yarışın sponsorlarının xüsusi hədiyyələri təqdim olunub.
Turnir boyunca fərqlənən oyunçulara da fərdi mükafatlar verilib. Yarışın bombardiri “Faxralı FK”-nın hücumçusu Məhəmmədəli Hüseynov, ən yaxşı oyunçusu isə çempion komandanın forvardı Nemət Ömərov olub.
www.yenicag.az