Səfirimiz Lixtenşteyndə səfərdədir
Azərbaycanın İsveçrə və Lixtenşteyndəki səfiri Əkrəm Zeynallı Vaduts şəhərinə işgüzar səfəri çərçivəsində bu ölkənin parlamentinin sədri Albert Frik ilə görüşüb.
Görüşdə Azərbaycan və Lixtenşteyn arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə, o cümlədən regionda baş verən son proseslərə dair fikir mübadiləsi aparılıb.
Səfir Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun lixtenşteynli həmkarına ünvanladığı səfərə dəvət məktubunu A.Frikə təqdim edib. Azərbaycanın Lixtenşteynlə əlaqələrə əhəmiyyət verdiyini qeyd edən diplomat A.Frikin ölkəmizə səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayacağına əminliyini bildirib.
Lixtenşteynin də Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdıran parlamentin sədri dəvətə görə təşəkkür edib.
(azerTac.az)