Şəki seçkilərə hazırdır
Şəki rayonunun ərazisində fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələri dairə seçki komissiyalarının tərkibinə daxil olan seçki məntəqələrində dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri başa çatıb.
113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Rəhman Qədirzadə bildirib ki, bu dairə üzrə Şəki, Qoxmuq və Baltalı bələdiyyələrinə ümumilikdə 37 nəfər bələdiyyə üzvü seçiləcək. Namizədlərin sayı isə 100 nəfərdir. Dairə üzrə 38027 seçici qeydə alınıb. Bütün məntəqələr zəruri avadanlıqla təmin edilib. 15 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Səsvermənin gedişini 333 nəfər yerli müşahidəçi izləyəcək.
Dairənin tərkibinə daxil olan 19 nömrəli seçki məntəqəsi 28 nömrəli uşaq bağçasının binasında yerləşir.
Məntəqə seçki komissiyasının sədri Ulduz Hüseynovanın bildirdiyinə görə, komissiya üzvləri səsvermə gününə ciddi hazırlaşıblar. Məntəqə üzrə 1249 seçici qeydə alınıb. Seçicilər Şəki bələdiyyəsi üzvlüyünə 50 namizəd arasından 17 nəfəri seçməlidirlər. Məntəqədə səsvermə prosesi veb-kamera vasitəsi ilə izləniləcək.
114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibində olan 43 seçki məntəqəsində də səsvermə gününə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təqvim-plana uyğun aparılır.
Dairə seçki komissiyasının sədri Məharət Məmmədovun verdiyi məlumata görə, bu dairə üzrə 18 bələdiyyəyə 170 nəfər üzv seçiləcək. Bələdiyyə üzvlüyü uğrunda mübarizə aparacaq namizədlərin sayı isə 511 nəfərdir. Onların 170 nəfəri Yeni Azərbaycan Partiyasını təmsil edir. Bələdiyyəyə seçilmək arzusunda olan qadınların sayı da artaraq 103 nəfərə çatıb. Bu dairədə də 7 seçki məntəqəsində səsvermənin gedişini veb-kameralar vasitəsilə izləmək mümkün olacaq.
115 saylı Şəki kənd ikinci seçki dairəsi dairə seçki komissiyasının sədri Rasim Əzizovun dediyinə görə, dekabrın 23-də bu dairədə 20 bələdiyyəyə 170 bələdiyyə üzvü yeri uğrunda 513 namizəd mübarizə aparacaq. 42 seçki məntəqəsinin hamısı seçkilərə tam hazır vəziyyətdədir. Təlimata uyğun olaraq, seçkilərə üç gün qalmış bütün məntəqələrə seçki bülletenləri və yekun protokolları paylanılıb.
(azertag.az)