PKK terror təşkilatına yaxın olan Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Moskvaya səfərə gəlib.
Dəmirtaşın bu gün Rusiya XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparması nəzərdə tutulub. Agentliyin məlumatına görə, Türkiyənin baş naziri Əhməd Davudoğlu Dəmirtaşın Rusiyaya səfərini sərt tənqid edərək, onu “Türkiyənin problemi olanlarla” əməkdaşlıq etdiyinə görə qınayıb.
Rusiya XİN-dəki mənbə “RİA Novosti”yə Səlahəddin Dəmirtaşın bu gün Lavrovla görüşəcəyini təsdiqləyib.
Qeyd edək ki, Səlahəddin Dəmirtaş ötən həftə Moskvaya səfər edəcəyini barədə mətbuata açıqlama verib.
APA-nın dekabrın 20-də “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, S. Dəmirtaş açıqlamasında səfərin məqsədinin partiyasının Rusiya təmsilçiliyinin açılması olduğunu bildirib.
O, səfər çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini də deyib.
“Biz güclüyük və bu gücümüzdən istifadə etmək istəyirik. Səfər zamanı Lavrovla görüşəcəyik, Moskvada təmsilçiliyimizi açacağıq”, – deyə S. Dəmirtaş bildirib.
Qeyd edək ki, hazırda Türkiyə ilə Rusiya arasında gərginlik hökm sürür, iki ölkə arasında bir çox sahədə əməkdaşlıq dayandırılıb.(APA)
www.yenicag.az