Sənətin ipəyə qazandırdığı ruhi güc - Əkbər Qoşalı yazır
Zəriflik – bəzən bir ipək parçasında gizlənir. İpək və gizlənmək – bu, bəlkə yeni yorum, yeni baxış istəyir. Bəzən bir naxışda, bəzən bir qalstukun boynuna sarıldığı anda… Və bəzən sənətkar elə bir dillə danışar, heç bir sözlük onu daşıya bilmirmiş kimi görünə bilər.
Bəlkə də bir gələn var,
Gözlərim yol çəkir, yol.
Ölü dillər kimiyəm,
Sözlərim yol çəkir, yol…
Bəli, an gəlir də, sənət ipəyə, iıəkdə sükuta çevrilir, baxışla danışır, toxunuşla düşünür, ipəkdə ahəng tapır, qalstukda xarakter… İpək zərafətdi, təklikdi bəlkə… qalstuk isə bəlkəsiz, rəsmiyyətdi, təntənədi, qələbəlikdi və s. Ancaq qalstuk ipəkdəndirsə və də Azərbaycan (Şəki) ipəyindənsə, hələ-hələ onu bir azərbaycanlı xanıməfəndi işləyibsə işin rəngi, formatı, dəbi və hər şeyi dəyişir – yaxşıya, üstünlüyə doğru dəyişir…
Açılışda ilkin təəssüratlarımı bölüşsəm də, ürək sözlərimi bir qədər geniş şəkildə bölüşmək istədim.
21 iyun 2025-ci il. Bakı şəhərinin mərkəzi və də Müasir İncəsənət Mərkəzi. Uzadılmış iş həftəsinin son iş günü başa çatar-çatmaz, saat içində bir “duruş” baş verir – iki paralel mənəvi hadisə yaşanır. Birincisi – “İpəkdə duyğuların harmoniyası” adlı fərdi sərgi; ikincisi – “Azərbaycan tarixində ilk” olaraq tanıdılan, vizual incəsənətin ruhi gücünü yansıdan “Xarizma və sənət” – unikal qalstuk kolleksiyası… Hər iki sərginin müəllifi – rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, estetik dünyagörüşü ilə seçilən Şəkili balası, Azərbaycan qızı, Turan sevdalı sənətçi Dr. Tünzalə Məmmədzadədir.
Dr. Məmmədzadə bir zaldakı iki paralel sərgi ilə estetik qatları bir-birinə toxunduraraq zövq oxşadı, fikir oyatdı. Aparıcının bilgi səviyyəsi, ilginc ayarları da xoşuydu, açılışa çağrılan könül və sənət dostlarının heyranlıqla, maraqla baxışları da… Nə yaxşı ki sənət dostları könül, könül dostları sənət dostlarıydı…
“İpəkdə duyğuların harmoniyası” – bax, bax, adın özü bir nəğmənin epiqrafıdır elə bil. Bu sərgi zərifliyin, Azərbaycan qadının malik olduğu dünyanın hikmətinin, milli estetik dəyərlərin ipək üzərində toxunmuş poetikasıdır. Burada ipək sadəcə parça deyil – hisslərin səssiz yaxud pıçıltılı tərənnümçüsüdür. Gələnək ilə çağdaşlığın arasında qurulan incə bir körpü, Gündoğar incəliyinin, ruhani dərinliyin görünən formasıdır bu sərgi. İpəyin hər toxuması bir alxış kimidir – gözəlliyin, ruhun, sabitliyin alxışı…
Sərgidə tanıdılan əsərlərdə sufi metaforundan tutmuş, türk ornamentikasına, İslam estetikasına qədər bir çox qat var. Baxan kimi də “bu əsərlər Azərbaycanda işlənib” ismarıcını verir, verir. Xanım Məmmədzadə sənəti sadəcə estetik obyektə çevirmir – onu ruhani bir daşıyıcı kimi anlamlandırır. Gördüyünüz bir naxış, bir nöqtə, bir kölgə – bəlkə də zamanın haradasa itirdiyimiz anlamını geriyə çağırır…
Əl işi qalstuk kolleksiyasının tanıtımı da Azərbaycan sənət tarixində bənzəri olmayan bir təşəbbüsdür. Öncəsi, onu vurğulayaq ki, qalstuk – sadəcə bir geyim elementi deyil. O, çağdaş insanın kimliyini, mövqeyini, zövqünü və hətta iç dünyasını simvolizə edən əlçəkilməz, boyunçəkilməz “detaldır”. Dr. Məmmədzadə bu “detal”ın üzərinə sənətin özünü köçürərək onu dəyərlə, mədəniyyətlə, milli kimliklə yoğrulmuş bir simvola çevirib – ipək üzərində…
Bu qalstuklar – sıradan bir aksessuar yox, necə deyərlər, estetik ifadənin geyilə bilən formasıdır. Danışan adamların susan qalstukları qarşıdakının zövqünü oxşaya bilirsə, nə xoş qalstjkluya…
Türk ornamentləri, qədim naxışlar, sufi həndəsələri… Hamısı çağdaşlıqla ortaq durur – həm ipək incəlikli, həm də təmkinli bir görkəmlə!.. Bax, bu, sənətkarın mədəni özünüdərkə verdiyi yeni nəfəsdir.
Hər iki sərgi – bir ruhi energetikaya talibdi. Bəli,
Tünzalə xanımın bu iki sərgisi – bir ruhun iki nəfəsi kimidir. Biri zəriflik, digəri duruşdur. Biri ipəkdəki qadim harmoniyanı daşıyır, digəri çağdaş kişilik anlayışına ruh qatır. Hər iki sərgi ruhani ovqatın maddiləşmiş halıdır – sənətin yalnız gözə deyil, qəlbə də toxunduğunu göstərir!..
Bu isə təsadüf deyil.
Bu, Tünzalə Məmmədzadənin illərlə formalaşan sənət fəlsəfəsinin, estetik zövqünün, mənəvi dünyagörüşünün tərənnümüdür. Onun sənəti nə sadəcə görmək üçündür, nə də sadəcə göstərmək… Onun sənəti yaşamaq üçündür – baxmaqla deyil, hiss etməklə yaşamaq…
Qalstuklar və xarizma bütün sanbalı, ciddiyyətiylə öz yerində; mənim illa vurğulamaq istədiyim bir məqam daha var: ipək üzərindəki incədən incə rəsmlərdə Tünzalə xanım
-ailə dəyərlərimizə dərin çağırış edir,
-boşanmalara, ufaq-təfək konulardan ayrılmalara üsyan edir,
-xoşbəxt Azərbaycan, Türk-İslam ailə modelini nüfuzedici estetika ilə təbliğ-tərənnüm edir! – Mənə belə gəldi. Mübarək işdi! Günün ağ olsun, Tünzalə, günün ağ olsun! Zatən adını elə qoyublar, bu adı gecənin içindən sıyrılıb çıxan işıq, sükutda doğan nur kimi yorumlamaq olar.
Tünzalə – ortaq türkcəmizdən gələn və qaAxlarda bu gün işlək olan “Tün” (“Gecə”) və onun yanına qoşulmuş fars sözü “zalə” (işıq, parlaqlıq) ilə birlikdə gecənin içindəki işıq, qaranlıqda doğan parıltı, sakitliyin içindəki nur, ruhən dərin və zərif işıq daşıyan qadın anlamlarına gəlir.
Biz də inanır və belə yaraşdırırıq ki, Tünzalə adı daşıyıcısına təmkin, ruh dərinliyi, zərif parıltı, mədəni və mənəvi işıq saçmaq kimi özəlliklər “yükləyir”. Dr. Tünzalə Məmmədzadə sənətkarlığına, əsərlərinə bələd olanlar adın öz yiyəsində çox uğurlu doğrulduğunu görür.
Təkrarçılıq olmasın, bu sərgilər həm bir nəğmə, həm də bir fəlsəfə – iki halda da estetik dəyərlərlə irəliləməkdir. Hər ipək naxışda bir alxış, hər qalstuk xəttində bir hikmət var. Və sənətkar da bu alxışlarla, bu hikmətlə zamanın səsini toxuyur – nə səsli, nə səssiz… sadəcə incəsənətə çevrilmiş bir ruh kimi…
İndi Müasir İncəsənət Mərkəzinin divarlarında təkcə rəsmlər yox, bir mədəniyyətin səssiz pıçıltısı asılıb. Onlara baxın. Dinləyin. Bəlkə, iç səsiniz orada danışar…
Əkbər QOŞALI