Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Səsi ilə “La Skala” və “Metropoliten-Opera”nı lərzəyə salan həmyerlimiz: “Azərbaycan üçün...”

“Hər dəfə səhnəyə çıxanda, özümü Everest zirvəsini fəth etməli olan alpinist kimi hiss edirəm”.

Dünya musiqisinin məbədləri sırasında öndə gələn “La Skala”… Bu teatrın adını Azərbaycanla assosiasiya etdikdə, xatırladığımız yeganə müğənni Müslim Maqomayevdir. O, SSRİ-də məşhurluğunun ilk mərhələsində – 1964-cü ildə dövlət xətti ilə İtaliyaya göndərilib və məhz “La Skala”da bir il staj keçib. Maqomayevdən sonra azərbaycanlı ifaçıların “La Skala” səhnəsinə çıxışında təqribən yarım əsrlik fasilə yaranıb. Bu “sükut”u isə 52 il sonra hazırda dünya opera ulduzları sırasına yüksələn Azərbaycanın Xalq artisti Yusif Eyvazov pozub.

Son 2 ildə kareyrasında inanılmaz sıçrayışa nail olan Eyvazov 2017-ci ilin dekabrında Milanın “La Skala”, 2018-ci ilin oktyabrında isə Nyu-Yorkun “Metropoliten-Opera” teatrlarında möhtəşəm çıxışları dünya musiqi ictimaiyyətinin diqqətini özünə çəkib. Artıq bir neçə ildir, Avstriyanın paytaxtı Vyanaya köçən Yusif imkan düşdükcə, Bakıya da gəlir. Onunla bu söhbətimiz də ifaçının paytaxta sonuncu səfəri zamanı baş tutdu.

Eyvazov “La Skala” səhnəsinə çıxmağın yaratdığı pozitiv emosiyanın sözlə ifadə edilməyəcəyini dönə-dönə təkrarlayır. Məşhur opera teatrındakı debütünün mahiyyətini tam dərk etmək üçün hələ bir müddət də gözləmək lazım olduğunu deyir:

“Təbii, İtaliya dünya musiqi sənətinin, ilk növbədə də operanın beşiyidir. “La Skala”ya gəldikdə isə dünya opera ulduzlarının vaxtilə və indi çıxdıqları teatrın səhnəsində çıxış etmək hər bir ifaçının xəyalıdır. Mənim üçün çox əlamətdardır ki, karyeramın ən mühüm günü saydığım o axşamkı ifam gur alqışlarla qarşılandı, emosiyalarımın həddi-hüdudu yox idi, inanılmaz xoşbəxtlik hissini uzun müddət yaşadım.

Ancaq bu uğur heç də asanlıqla başa gəlmədi. Fasiləsiz və gərgin məşqlər, rol üzərində bir ildən artıq davam etmiş işlər və ümumilikdə iyirmi illik hazırlıq öz nəticəsini verdi. Çoxlarına məlumdir ki, mən bu debütə doğru əziyyətli və böyük məsafə qət etdim. Əlbəttə ki, iyirmi yaşında olarkən, böyük səhnələrə çıxmaq arzusu ilə gəldiyim və mənim üçün ikinci Vətənə çevrilmiş Milan şəhərinə çox minnətdaram. Belə çıxır, məni “oğulluğa” götürən bu şəhər üstündən neçə il keçdikdən sonra da Yusifi özünə doğma bilir. Bunu premyera günü tam aydınlığı ilə gördüm.
Desəm ki, mənim üçün “La Skala”da debütün əhəmiyyəti çox böyükdür, bu, çox az olar. Hisslərimi sözlə ifadə etmək çətindir, çünki o emosiyalar məni hələ də tərk etməyib. Yəqin ki baş verənlərin mahiyyətini tam dərk etməkdən ötrü daha bir neçə ay keçməlidir”.

Söhbətimizdə bir qədər geriyə boylanırıq. “La Skala”da “Andre Şenye” operasının yeni quruluşuna necə və kim tərəfindən dəvət olunmasından danışır:

“Təsəvvür edin ki, “La Skala”nın direktoru Aleksandr Pereyranın təqribən üç il əvvəl teatrla müqavilə bağlamaq təklifinə razılıq verməmişdim. Təklifdən imtina etməyimin səbəbini deyim… Bilirsiz, “La Skala”da, yoxsa teatr mövsümünün açılışında debüt etmək çox fərqli məsələlərdir. Mövsümün davamında hansısa tamaşada çıxış etmək açılış tamaşasında rol almaqdan daha az məsuliyyət yaradır. Böyük ənənələri olan “La Skala”da mövsümün açılışı inanılmaz dərəcədə emosional bir mərasimdir və milanlılar buna çox həssas yanaşırlar. Bundan başqa, opera tamaşasının özü də haradasa spesifikdir. Umberto Cordanonun “Andre Şenye” operası “La Skala”da sonuncu dəfə 1985-ci ildə səhnələşdirilib. Tamaşanın o vaxtkı rejissoru da hazırda “La Skala”nın baş dirijoru, teatrla əməkdaşlığının qırx illiyinə hazırlaşan Rikardo Şayi olub.

Operanın 1985-ci il quruluşunda əsas partiyanı Xose Karreras ifa edib. Otuz iki ildən sonra yenidən quruluş verilən operada təcrübəsiz bir tenorun səhnəyə çıxması tələbkar Milan publikasında çoxsaylı suallar doğuracaqdı. Hər kəs soruşacaqdı ki, nəyə görə açılış tamaşasına onu dəvət ediblər? Bu incəlikləri bildiyim və tamaşaçıların skeptik yanaşmalarını təxmin etdiyim üçün riskə getmək istəmədim. Ona görə də Pereyranın o təklifini geri çevirdim. Pereyra mənim tərəddüdümü götürmək üçün deyirdi ki, narahat olma, uzaqbaşı, publika səni fitə basacaq. Teatrda bütün məşhurları fitə basıblar, sən nədən çəkinirsən? Onun bu sözləri təsirsiz qalmadı. Düşündüm ki, əgər “La Skala”da Luçano Pavarotti, Plasido Dominqo və başqa ulduzları vaxtilə fitə basıblarsa, mən niyə istisna olmalıyam? Yəqin əsil tenorların hamısı bu sınaqdan keçməlidirlər. Hər halda, özümü şüurlu surətdə buna hazırladım”.

Milli tenor “La Skala”da mövsümün premyerasında – neçə ildən sonra təkrar səhnələşdirilən “Andre Şenye” operasında əsas partiyanı hazırlayarkən keçirdiyi həyəcandan hələ də xilas olmadığını etiraf edir. Dediyinə görə, Milan səhnəsində uğur qazanmasının əsas səbəbi işə məsuliyyətlə yanaşması olub:

“Andre Şenye” böyük ənənələrə malik operadır. Fikrimcə, Franko Korelli ilə Mario del Monakonun canlandırdığı Andre Şenye daha mükəmməldir. Bu sənətçilər həmin obrazı ideal formada yaradaraq, elə bir səviyyə müəyyənləşdiriblər ki, onları təkrarlamaq imkan xaricindədir. Onu da nəzərə alaq ki, premyeranın tamaşaçıları arasında Korellinin yaratdığı “Andre”ni görənlər az deyil, onların qarşısında çıxış etmək asan gəlməsin. Həmin tamaşaçılar klassik musiqini istənilən musiqi tənqidçisindən heç də az bilmirlər. Sizə maraqlı görünə bilər, o tip tamaşaçılar, adətən, teatrın lojalarında yer tuturlar.

Buna görə də, Milana gəldikdən sonra özümü yalnız məşqlərə həsr etdim. Mətbuatda yeni quruluşla bağlı gedən müzakirələri oxumamaq üçün qəzetlərə baxmırdım. Məşqlər normal keçsə də, çətinliyim az deyildi. Bütün hazırlıqlardan sonra üç böyük məşqimiz oldu: baş məşq ərəfəsində, baş məşq və premyera məşqləri. Bir sözlə, demək olar ki, fasiləsiz işləyirdik”.

Eyvazov canlandırdığı obraz – inqilabçı-şair Andre Şenye haqqında ürəklə danışır. Bu da səbəbsiz deyil. Tenor əminliklə deyir ki, özü ilə Şenye arasında böyük uyğunluq var. Vurğuladığı amil rolunun öhdəsindən gəlməsinə çox kömək edib:

“Açığı, “Riqoletto”da Mantuan Hersoqu, yaxud da “Traviata”da Alfred obrazlarını canlandırmaq mənə çətinlik törədərdi. Çünki bu obrazların darıxdırıcı olduğu qənaətindəyəm. Razıyam, həmin obrazlar musiqi nöqteyi-nəzərindən mükəmməldirlər, ancaq tip olaraq, mənə maraqlı deyillər. İbrətli taleləri olan qəhrəman obrazlarını canlandırmağa daha çox meylliyəm. O dramatik personajlar yetərincə ağıllıdırlar, cəsurdurlar və sevgilərinə görə risk etməkdən çəkinmirlər. Bütün bu xüsusiyyətlər Şenye obrazında da cəmləşib. O, intellektual və azadlıqsevərdir, dürüstdür, qorxubilməzdir, sözünü hər zaman üzə deyir… Bu mənada onunla oxşarlığımız çoxdur. Gerçək həyatda sonra əziyyətini çəksəm də, düşündüyümü söyləməkdən qalmıram. Nədənsə, bəziləri həqiqəti olduğu kimi qəbul etmək istəmirlər. Sadaladığım səbəblərin köməyi ilə Şenyeni canlandırmaqda ciddi çətinliklə üzləşmədim. Səhnədə təbii idim, obrazı “oynamırdım”, qəhrəmanımın talıeyini “yaşayırdım”.

Tamaşadan sonra publikaya minnətdarlıq etmək üçün yenidən səhnəyə qayıtdıqda, zalda möhtəşəm atmosferin olduğunu gördüm. Xeyr, onlar məni fitə basmırdılar, ayaq üstə alqışlayırdılar. O an fikrimdən keçdi ki, bəxtimdən, ola bilər, tələbkar tamaşaçıların çoxu premyeraya gəlməyib. Alqışları dinləsəm də, çıxışımın bu qədər bəyənildiyinə inana bilmirdim. Səhnənin arxasına keçdikdə, iyirmidən artıq jurnalist mənə yaxınlaşdı. Premyera ərəfəsində onlar “La Skala”ya tez-tez gəlir, məşqləri işıqlandırır, müsahibələr götürürdülər. Jurnalistlər söhbət zamanı mənim uğurlu çıxışıma inanmadıqlarını, rüsvay olacağımı düşündüklərini etiraf edirdilər. İndi sizə əhəmiyyətsiz görünə bilər, lakin premyeraya bir neçə gün qalmış proqnozlar heç də ürəkaçan deyildi. Bütün bunlara baxmayaraq, Milan publikasının rəğbətini qazana bildik”.
Eyvazov Milanda qazandığı uğuru sadəcə, özünün müvəffəqiyyəti hesab etmir. Onun fikrincə, Azərbaycanın müstəqilliyinin bərpasından sonra bir azərbaycanlının əfsanəvi “La Skala” teatrının mövsüm premyerasında 32 ildən sonra yenidən quruluş verilən operada baş rolu ifa etməsi tarixi hadisədir:

“Bu fikirdəyəm ki, qazandığımız uğur yalnız mədəni həyatımızı zənginləşdirməklə məhdudlaşmır. Biz həmin gün adımızı opera tarixinə yazdırmağı bacardıq. Çox təəssüf edirəm ki, “La Skala”da ölkəmiz adına uğur qazansam da, Azərbaycanın Mədəniyyət Nazirliyi bu hadisəyə heç bir reaksiya vermədi. Ümid edək ki, gələcəkdə bu münasibət müsbətə doğru dəyişəcək”.

“La Skala”da qazanılan uğur Yusif Eyvazovun sənət karyerasında irəliyə aparan yolu daha da “hamarlayıb”. “Andre Şenye” operasında baş qəhrəmanın obrazını uğurla canlandıran tenor Nyu-Yorkun dünya şöhrətli “Metropoliten-Opera” teatrının səhnəsində amerikan publikasını heyrətləndirib. Eyvazov həmin teatrda səhnələşdirilən Cakomo Puççininin “Qərbli qız” operasında Dik Conson obrazını yüksək peşəkarlıqla yaradıb. Yusifin bu operadakı uğurunun dəyərini artıran mühüm amili də qeyd etmək lazımdır. İfaçımızın Nyu-York səhnəsindəki tərəf müqabili ulduz soprano Yeva-Mariya Vestbrok olub.

Eyvazovun ifasını publika ilə yanaşı, mətbuat da yüksək qiymətləndirib. Həm ABŞ-ın, həm də İtaliyanın bir sıra nüfuzlu media orqanlarında həmyerlimiz haqqında çox müsbət rəylər yazılıb. “ NewYorkClassicalReview” nəşrində dərc edilən məqalədən seçməyə nəzər salaq:

“Hiss olunur ki, Yusif Eyvazov canlandırdığı Dik Conson obrazına əla köklənib. Onun səsi yayğın, güclü və təmizdir. Elə təəssürat yaranır ki, ifaçı o cür güclü səsi idarə etməkdə çətinlik çəkəcək. Lakin belə olmur. Eyvazovun çıxışı həqiqətən də, möhtəşəm idi”.

Nyu-Yorkun sayılıb-seçilən nəşrlərindən biri sayılan “ParterreBox” qəzeti isə Eyvazovun ifasının fantastik olduğunu yazıb:

“Yusif Tanrı kimi oxuyurdu, səsi güclü və axıcıdır. Onun canlandırdığı Dik Conson obrazı isə mükəmməl ifa sayəsində bənzərsiz idi. Eyvazov əsas ariyasını çox kübarcasına oxudu. Bu, çox vacib məqam oldu”.

Şöhrətin zirvəzinə doğru inamla irəliləyən həmyerlimiz Nyu-Yorkda qazandığı uğuru “La Skala” triumfu ilə müqayisə etmək istəmir. Bununla belə, amerikalı musiqisevərlərin onun ifasını müsbət qiymətləndirmələrindən çox məmnundur:

“Tamaşadan sonra tənqidçilərin qeydlərini və mətbuatın müsbət reaksiyasını görmək çox xoşdur. Çıxış etdiyim o səhnə fərqli idi, həmçinin, operanın özü də kifayət qədər mürəkkəb əsərdir. İfa etdiyim obrazın həcmi Şenye qədər böyük olmasa da, onun ariyaları xeyli çətindir. Bu obraz üzərində təqribən bir ay çalışdım. Proses çətin olsa da, nəticədən hamımız razıyıq”.

Yusif Eyvazov uğurları barəsində həvəslə danışaraq, sənəti ilə Azərbaycanı dünyada daha çox tanıtmaq istədiyini deyir, mənsub olduğu xalqın dərin musiqi ənənələrini getdiyi hər yerdə təbliğ etməyi özünə borc bilir:

“Mən bu işdən zövq alıram. Hər dəfə səhnəyə çıxanda, özümü Everest zirvəsini fəth etməli olan alpinist kimi hiss edirəm”.

Araz ZEYNALOV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

www.yenicag.az

9792