Şikayət edilən avtobus xəttən çıxarıldı - Rəsmi
“Elmlər Akademiyası” metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində hərəkət edən 206 saylı marşrut avtobusunda sərnişin həyatı üçün təhlükə yaradan vəziyyət qeydə alınıb. Belə ki, dövlət qeydiyyat nişanı 90 HM 282 olan avtobusda sərnişin oturacağı çıxarılıb, onun yerində isə açıq və iti dəmir borular qalıb.
AYNA-dan Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin avtobus artıq xəttən kənarlaşdırılıb.
Agentlikdən bildirilib ki, hazırda Bakı şəhərinin inzibati ərazisində nöqsanlar aşkar edilən bütün müntəzəm marşrutlarda avtobusların yenilənməsi, eyni zamanda bu xətlər üzrə müsabiqələrin təşkil olunaraq, balansında tələblərə cavab verən nəqliyyat vasitələri olan daşıyıcılara həvalə edilməsi istiqamətində işlər həyata keçirilir:
“206 nömrəli marşrutun müvəqqəti istismarçısına da nöqsanların aradan qaldırılması, avtobus parkının yenilənməsi və marşrutun nizamlı fəaliyyətinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir. Qeyd edək ki, 206 nömrəli marşrut müsabiqəyə çıxarılsa da, iştirakçı olmamışdır. Daşıyıcı tərəfindən avtobus parkının yenilənməsi həyata keçirilməyəcəyi təqdirdə marşrut yenidən müsabiqəyə çıxarılacaq”.