“Soçi görüşü Azərbaycanın …”
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq İlqar Altay açıqlamasında Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən Soçi görüşünü şərh edib. Politoloqun qənaətincə, bu görüş Azərbaycanın öz mövqeyində kifayət qədər ciddi dayandığını isbatladı:
“Soçi görüşü bir daha Qarabağ məsələsində Azərbaycan rəhbərliyinin öz milli mənafeyi mövqeyində sərt dayandığını göstərdi. Moskva, Putin Ukrayna problemi ilə bağlı məlum gərginlik fonunda Azərbaycan və Ermənistan arasındakı cəbhədə, təmas xəttində təxribat salıb sonra təkbaşına sülh qurmaq səhnəsi yaratmaq istədi. Bunu ATƏT-in Minsk qrupu həmsədrlərini kənara qoymaqla etməyə səy göstərdi. Təbii ki, bu sülh yumşalmasını Azərbaycandan qoparacağı güzəştlər hesabına qurmaq istədi. Çünki Ermənistanın daimi qalib, güclü və güzəştsiz mövqeyini Rusiya özü qurub və bu mövqe Rusiyanın hətta milli mənafe məsələsidir, onun üçün toxunulmazdır”.
İ.Altayın sözlərinə görə, məlum proseslər Rusiyanın regionla bağlı siyasətinin iflasa uğradığını göstərdi:
“Putin umid edirdi ki, Qarabağ bölgəsindəki son döyüşlər Azərbaycanı silkələyər, ölkədə stabillik pozular, ictimai çaşqınlıq yaranar və ermənilərə danışıqlarda daha yeni güzəştlər edilər. Ancaq bu olmadı. Azərbaycan öz mövqeyində möhkəm dayandı və üstəlik belə haqsızlıqlar davam etsə, müharibə xəbərdarlığı etdi. Beləliklə Bakı-İrəvan-Moskva görüşü nəticəsiz başa çatdı. Üstəlik tərəflərin bir-birinə qarşı hədə-qorxu ittihamı artdı. Bu da onu göstərdi ki, Moskvanın indiyədək regionda apardığı manipulyativ siyasət artıq yerimir”.