Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında münasibətlər həddindən artıq gərgin səviyyəyə yüksəlib.
Buna səbəb millət vəkili Zahid Orucun Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı referenduma münasibət bildiriməsi olub. O bildirib ki Avropa İttifaqının dağıldığı bir vaxtda “tax free “ sisteminə keçmək düzgün deyil, ehtiyatlı olmaq lazımdır”.
Bundan sonra spiker O. Əsədovla millət vəkili arasında gərgin dialoq yaşanıb.
“Sən danışdın, mən qulaq asdım, indi qoy mən izah edim, sən qulaq as. Bununla Azərbaycanda ticarət dövriyyəsi artacaq. Turizm inkişaf edəcək. “Tax free”nin bura nə aidiyyəti var? Mən dedim ki, imkan verməyəcəm danışmağa, amma sən sözümü kəsdin, gündəlikdən danış. Hər dəfə temadan kənar danışırsan. Qulaq as, özünü qabiliyyətli apar. Danışdın, səni də başa saldım. Başa düşmürsənsə, öz işindi. Sən artıq həddini aşırsan, özünü aparmağı bacarmırsan. Yerindən danışma. Bundan sonra səni yazılmağa da qoymayacam. Özünü aparmaq qabiliyyətin yoxdur. Mən sənin qabiliyyətini gördüm, çox belə səviyyəsiz”.
Z. Oruc isə yerindən danışmaq hüququ olduğunu və kimsənin bu haqqı onun əlindən almaq səlahiyyəti olmadığını qeyd edib.
Bundan sonra çıxış edən millət vəkili Siyavuş Novruzov həmkarını səbrli və sakit olmağa çağırıb. O bildirib ki, çıxış edənlər çıxışını bitirəndən sonra yerindən danışmağa ehtiyac yoxdur: “Spikerin də məsələlərə müdaxilə etmə hüququ var. Biz 90- ci illərin parlamentində deyilik. Böyük – kiçik məsələsi var. Adətən görmüşdük ki, böyük danışanda kiçik qulaq asar”.
Millət vəkili Cavid Qurbanov da həmkarına səslənib: “Mən istərdim ki Zahid Oruc sözlərini geri götürsün. Yəqin o mənim sözümü eşidər”.
***
İclasın sonunda spiker bildirib ki, axırıncı iclası bu cür notlarla başa çatdırmaq istəməzdi: “İntizam Komissiyasının sədri Ağacan Əbiyevə müraciət edirəm ki, Milli Məclisdə davranış qaydasına riayət etmədiyi üçün Zahid Oruc komissiyaya dəvət edilsin və araşdırma aparılsın”.
***
Millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla arasında yaşanan növbəti gərginliyə münasibət bildirib.
Deputat “Qafqazinfo”ya açıqlamasında bildirib ki, fikir toqquşmasının yaşanması üçün onun tərəfindən heç bir səbəb yoxdur:
“Qərəzlilik nümayiş etdirmək və kiməsə hörmətsizlik etmək şakərində deyiləm. Parlamentdə nizam-intizama, ədəb-ərkəna riayət edən insanlardan biri olmuşam. Bütün dövr ərzində bircə dəfə də olsa, hətta statistika naminə belə, kiminləsə münasibətlərimizdə hansısa təhqiramiz notların olduğunu internet resurslardan belə çıxarıb ortaya qoymaq olmaz. Şəxsimi tanıyanlar bilirlər ki, hər kəsin şərəf və ləyaqətinə hörmətlə yanaşmışam.
İndi də qanunvericiliyin müzakirəsi zamanı Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı referenduma tərəfdar olduğumu, bu addımın əhəmiyyətini vurğulayaraq, eyni zamanda hər bir ölkənin “tax free” sisteminin fərqli əsaslarla qurulduğunu qeyd etməyə çalışmışam. Mənim yerimdən danışmaq mövqeyim ondan qaynaqlanır ki, biz çıxışa yazılarkən belə, bəzən söz demək haqqını əldə edə bilmirik. Belə olan təqdirdə yerdən öz fikrimi bildirmişəm ki, parlament üzvünün də buna ixtiyarı var. Məclis diskussiya yeridir, fikirlər bölüşəndə bu ictimai maraqların xeyrinə işləyir. Parlament sükut yeri deyil”.
Millət vəkili spikerin göstərişi ilə İntizam Komissiyasına tapşırıq verilməsi və araşdırmaya başlanılmasına da münasibət bildirib: “Burada heç bir qeyri-adilik görmürəm. Hər kəs də şahiddir ki, mən heç kimə qarşı təhqir və ya daxili nizamnaməni pozan addımlara yol verməmişəm.
Hər iclas parlamentdə eyni ssenarinin təkrarlanmasına gəlincə, Z.Oruc bildirib ki, bu, parlamentin içərisində danışan şəxslərin taleyidir: “Kimsə fikir bildirmək istəyəcək, fəal diskussiya aparmaq istəyəcəksə buna məruz qalacaq. Bunun təsadüf və ya məqsədli olması mənim tərəfimdən qaynaqlanmadığı üçün, yalnız parlament üzvü kimi öz mövqeyimi çatdırmaq istədiyimdən, başqa bir məqsədi hədəf etmədiyimdən bu suala cavab vermək mənim üçün çətindir”.
www.yenicag.az